Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycanda qida zəhərlənməsi illərdir gizlədilir:
“Bu hələ AQTA yaranmamışdan öncə başlayıb və yarandıqdan sonra da davam edir. AQTA-nın saytına baxsaq görərik ki, Azərbaycan qida zəhərlənməsinə görə dünyanın ən xoşbəxt xalqıdır. Çünki ən az zəhərlənmə olur. Bunlara baxmayaraq orta uzun ömrü uzunluğunda Azərbaycan 190 ölkə arasında 119 cu yerdədir. Yəni 119 ölkədən geri qalır. Bizim qidalarımız heç də təhlükəsiz deyil. AQTA yarananda sevinirdik ki, bu məsələlər həll olacaq. Yenədə apteklərdə növbə gözləyən istehlakçılar görürük. Dönərxanalarda problemlər yaşanır. Mən iki il AQTA-da İctimai Şuranın üzvü oldum. Daim məsələ qaldırdım ki, dönərxanalarda vəziyyəti düzəldək, nümunəvi dönərxanalar yaradaq və onu təbliğ edək. Mənim ictimai çıxışlarım AQTA-nın ironiyasına səbəb olur. Zəhərlənmə mayonezdən və dönərə qarışdırılan digər məhsullardan qaynaqlanır. Mayonezlər açıldıqdan sonra saxlanılma müddəti 4 saatdan artıq deyil. Biz görürük ki, mayonezlər ora açıq şəkildə gətirilir. Dönərlərin harada və necə hazırlandığı bilinmir. Dönər elə bir məhsuldur ki, saxlanılma şəraitindən asılı olmayaraq bu gündən sabaha saxlamaq olmaz. Elə bir nəzarət sistemi qurulmalıdır ki, bu gündən sabaha saxlanılmasın və ya ondan düzgün şəkildə istifadə olunsun. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyininin çatışamayan cəhətlərindən biri malların hər hansı sənədinin olmamasıdır. Ciddi çatışmayan məsələlərdən biri qanunlardakı boşluqdur. AQTA-nın səlahiyyəti yoxdur ki, istənilən yerə cəld müdaxilə edə bilsin. Mütləq AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır ki, cəld reaksiya mexanizmi baş versin. Belə bir halda əlbəttə ki, zəhərlənmələr çox olacaq və davam da edəcək. Zaqatalada baş verən hadisədə zəhərlənmənin mənbəyi xammaldan irəli gəlir. Hesab edirəm ki, dönərxanalar eyni yerdən mal götürür. Güman ki,zəhərlənməyə quş əti və məkanda çirklənmənin olması səbəb olub. AQTA müəyyən araşdırma aparmalıdır. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi günahı istehlakçılarda görəcək . Qida zəhərlənməsinin statistikası və qeydiyyatı düzgün şəkildə aparılmır. Mükəmməl istehlakçı siyasəti formalaşmalı və insanların qəfil zəhərlənməsinə son qoyulmalıdır. Vəziyyət nə qədər mürəkkəb olsada dönərxanalar ləğv edilməyəcək.”