Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.
Sahibkarlar və sakinlər iddia edirlər ki, kompensasiya ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Onların sözlərinə görə, bir neçə gün öncə məlumat vermədən ərazini hasara alıblar.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, vətəndaşların əmlakları sökülürsə, bu birinci danışılmalı və razılaşdırılmalıdır:
“Bəzi şirkətlər vətəndaşla razılıq olmadan tikintinin aparılması ilə bağlı adiyyatı qurumlardan razılıq alırlar. Mövcud vəziyyətdə tikinti şirkətləri daha çox qəzalı kimi qeydə alınmış istər çoxmənzilli hündürmərtəbəli yaşayış evləri, istərsə də fərdi həyət evləri olan yaşayış massivlərindəki əraziləri sökürlər. Əgər qəzalıdırsa, qəzalı olması ilə bağlı Fövqəlada Hallar Nazirliyi və ya digər qurumlar rəy veribsə, o ərazi sökülməlidir. Vətəndaşlara veriləcək kompensasiyalar vətəndaşlar ilə razılaşdırılmalıdır. Söküntü iki formada aparılır. Birinci dövlət ehtiyacı üsulunda alınan torpaqlar. Burada avtomobil yolu çəkilə, körpü tikilə və park salına bilər. Dövlət ehtiyacı üçün həmin əmlaklar alınırsa, bu əmlaklar bazar qiyməti ilə qiymətləndirilir və 20 faiz artıq vətəndaşa kompensasiya verilir.İkinci isə əgər tikinti şirkəti söküb bina tikəcəksə, vətəndaşlara kompensasiya olaraq pul yox, tikdiyi binalardan mənzil verir. Söküb yeni tikili binalardan mənzil ilə təmin edəcəyi günə qədər həmin vətəndaşlara kirayə pulu və köç xərci ödənilir. Sonda da otaq sayına uyğun olaraq yeni tikilmiş binadan, ümumi sahəsi böyük və tam təmirli mənzil ilə təmin edir.”