Professor: Təşrihdən yayındırmaq ölümü gizlətmək anlamına gəlir

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.
Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı həyatını itirib.
Ü.Quliyev qızı xəstəxanada olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib.

Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, istər xəstəxanada, istər evdə, istərsə də hər hansı bir məkanda dünyasını dəyişmiş şəxslər mütləq autobsiya (meyityarma) olmalıdır:


“Təşrih materiallarının da hər biri təhlil edilməlidir. Ölümün birbaşa səbəbi orada araşdırılmalıdır. Əks halda bütün deyilənlər fərziyyə xarakteri daşıyır. Təəssüflər olsun ki, mətbuatda bu cür məsələlər hadisə baş verən zaman işıqlandırılır sonra isə yaddan çıxır. Belə məsələlərin hər zaman sonuna kimi üstünə düşmək lazımdır. Güman ki, bunların bəziləri təşrih olunur və sonradan unudulub gedir. Bəziləri isə valideynlərinin və qohumlarının təhriki ilə təşrihdən yayındırılır. Əslində bu qətiyyən düzgün deyil. Təşrihdən yayındırmaq ölümü gizlətmək anlamına gəlir. Valideyn, qohum və kimliyindən asılı olmayaraq heç kəs təşrih olunmalı, diaqnozu dəqiqləşməli olan şəxsin autobsiyasına mane olmağa ixtiyarı yoxdur. Bu praktika demək olar ki, bizdə hələ təşəkkül tapmayıb. Çünki istənilən cinayət prosessual məcəllədə də bu yazılıb. Ölüm qəsdən, hər hansı səhlənkarlıqdan və suisid baş veribsə, bunların hər biri araşdırılmalıdır. Birinci növbədə Məhkəmə Tibbi Ekspertiza rəyini bilməliyik. O rəydən sonra artıq fikir bildirmək olur ki, burada doğurdanda həkim səhlənkarlığı var, ya yoxdur.”