Ölkədə bir neçə gündür ki, ardıcıl olaraq qeyri-sabit hava şəraiti müşahidə olunur. Belə ki, apreldə havanın temperaturu yüksək olsa da, may ayının əvvəlləri bir neçə dərəcə aşağı endi. Bəzi bölgərimizdə intensiv yağışlar müşahidə edildi, dolu düşdü.
Bəs, bu amil kənd təsərrüfatı məhsullarına və qiymətlərə necə təsir edəcək?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda il ərzində iki, bəzi bölgələrdə isə üç dəfə tərəvəz istehsalı ilə məşğul olmaq olur:
"Hələ əkin və səpin işləri davam edəcək. Ölkə üzrə məhsulda azalma olduğunu demək çox tezdir. Ona görə ki, prosses davam edir. Bəzi regionlarımızda səpin işləri həyata keçirilib, lakin toxumalar yağış altında qalaraq çürüyüb. Hazırda havalar dəyişkəndir. Biz isə daha çox isti sevən bitkilərin yetişdirilməsi ilə məşğuluq. Bu səbəbdən inkişaf mərhələsi ləng gedir və vegetasiya müddəti uzanır. Ümid edirik ki, yaxın vaxtlarda havalar istiləşəcək. Yay mövsümündə suya təlabatın ödənilməsi də ən önəmli nüanslardan biridir. Bu il əriyin,gilasın istehsalında azalma olacağı ehtimalı var. Bazardakı olan vəziyyət də bunu bir daha sübut edir. Kartof və soğanın əkimini bundan sonra da aparmaq olar. Havalar istiləşdikdən sonra əkin işlərində normal inkişaf əldə etmək mümkündür. Doğrudur, bəzi ərazilərə dolu bir çox fəsadlara səbəb olub. Ağacların budaqlarını sındırıb, meyvələr yerə tökülüb. Bir sözlə, bundan sonrakı vəziyyət hava şəraitinə uyğun dəyişəcək".