Avtomobil almaq əksəriyyətin arzusudur. Xüsusən də, onun istədiyin rəngdə olması. Rəng məsələsi alıcıların diqqət yetirdiyi əsas nüanslardan biridir. Bazarda hətta bəzi rənglərə yaxın duran da olmur.
Bəs, görəsən, Azərbaycanda hansı avtomobil rənglərinə daha çox tələbat var? Nəqliyyat vasitəsinin rəngi qiymətə təsir edir?
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, alıcılar maşın seçimi edərkən daha çox rənginə diqqət edirlər:
"Belə ki, qırmızı və narıncı rənglərə maraq azdır. Bir növ qadın üçün daha əlverişli olduğu düşünülür. Əslində, bu yanaşma doğru deyil. Hətta, avtomobilin rəngi belə, qiymətə təsir edir. Lakin minik vasitəsi texniki cəhətdən işləkdirsə və heç bir problemi yoxdursa, o zaman istənilən şəxs rəngin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisinə müraciət edə bilər. Yəni, bu barədə qanunvericilikdə qadağa yoxdur. Lakin nəzərə almaq lazımdır ki, zavod maşının ideal görüntüsünə uyğun rəngi seçir. Azərbaycanda isə daha çox ağ, aluminium bir sözlə, tünd rənglərə üstünlük verilir. Klassika və nəcibliyin simvolu olan qara rəng avtomobildə ən kiçik cızıqları belə gözə çarpdırır. Qara avtomobildə banın təmirini gizlətmək müşkül məsələdir. Və ən əsası, qara rəng günəşdə dəhşət dərəcədə qızır və salonu fərdi cəhənnəm otağına döndərir. Ona görə də vətəndaşlar bu kimi amilləri nəzərə alaraq seçimlərini düzgün etsinlər ".