Sosioloq: Ölkədə taksi fəaliyyəti ilə bağlı qarışıqlıq hökm sürür

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.                                                              
Təəssüf ki, ölkədə bu kimi hadisələrin sayı yetərincədir. Bu səbəbdən artıq bir cox qadın taksiyə tək minməkdən qorxur.    
Bəs, belə halların qarşısını almaq üçün nə etməliyik? Problem kim və nədən ibarətdir?

Mövzu ətrafında fikrilərini "Sherg.az'' -la bölüşən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, bu kimi hallar bütün dünyada olduğu kimi Azərbaycanda da yaşanır:
"Sadəcə olaraq, ictimai nəqliyyat sahəsində sürücülərə müəyyən tələblər qoyulmalıdır. Psixoloji, fiziki sağlamlıq, sürücülük təcrübəsi nəzərdən keçirilməlidir. Təəssüf ki, ölkədə taksi fəaliyyəti ilə bağlı qarışıqlıq hökm sürür. Hər cəmiyyətdə problemli insanlar, psixi xəstələr, manyaklar yaşayır. Bunlar da sərbəst şəkildə, imtahandan keçmədən taksi kimi fəaliyyətdə olurlar. Son dövrdə taksi sahəsini tənzimləməyə çalışırlar. Ancaq prosses düzgün aparılmadığına görə, taksi qiymətləri 2 dəfə artdı. Yəni, bundan yenə də insanlar zərər gördü. Söhbət maşının ilindən getmir. Bir sözlə, əks istiqamətdə tədbir görülüb. Əslində, sürücülərin və şirkətlərin nümunəvi xidmətləri ilə bağlı əsaslı işlər aparılmalıdır. Ümumi olaraq, sürücülərin imtahandan keçirilməsi gözlənilir. Hesab edirəm ki, onların fiziki-psixoloji sağlamlığı formal deyil, həqiqi yoxlanmalıdır. Fikrimcə,günümüzdə fəaliyyət göstərən taksi sürücülərinin əksəriyyəti sürücülük vəsiqəsini fərqli yollarla əldə edənlərdir. Əgər imtahanlar keçirilsə, 80-90 faizi uğursuz nəticə əldə edəcəklər''.

Ekspert diqqətə çatdırıb ki, taksi sürücülərinə müştərilərlə düzgün danışıq kodekstində təlimlər keçirilməlidir:
"Əgər sadaladığım nüanslar həyata keçirilsə, ölkədə təhlükəsiz, normal səviyyəli taksi xidmətləri görərik. Yoxsa, hazırkı qarışıqlıq dövründə bundan da pis hadisələrin şahidi olacayıq. Qeyd edim ki, xidmətin nə cür olması şirkətlərin maraq dairəsində deyil. Onlar kim gəldi onu da işə götürürlər. Yoxsa, maşının markası və ili bu cür olmalıdır kimi fikirlər gülünc səslənir. Məsələn, elə 15-20 ilin maşını var ki, sanki, zavoddan yeni çıxıb. Lakin yeni olsa da, bərbad halda olan avtomobillər də kifayyət qədərdir. Avtomobilin ilinə görə yox, texniki şərtlərə cavab verməsinə görə tələb qoyulmalıdır".