Şəmkirdəki fermaların birində 36 baş iribuynuzlu heyvan bir günün içində qəfildən tələf olub.
Baku TV-ə istinadən xəbər verilir ki, təsərrüfat sahibi Anar Məmmədovun sözlərinə görə, hadisə heyvanlar xəstəliklərə qarşı dərmanlandıqdan sonra baş verib:
"Neastol" adı ilə aldım, 48 heyvanı çimizdirib çölə buraxdım. Bir saat ərzində 36 baş iribuynuzlu heyvan tələf oldu. Mən bilmək istəyirəm ki, bu dərman harada istehsal olunur?"
Heyvandarlıqla məşğul olan digər təsərrüfat sahibləri isə bildiriblər ki, Anar Məmmədovun istifadə etdiyi dərmanın "Neastol" məhlulu olması, ümumiyyətlə, şübhə doğurur. Hadisədən dərhal sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidmətinin yerli bölmələri tərəfindən müvafiq addımlar atılıb. Qeyd edək ki, heyvanların kütləvi tələf olmasının dəqiq səbəbi AQTA-nın apardığı laborator müayinələrin nəticələri əsasında bilinəcək.
Məsələni dəyərləndirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Sherg.az"a söyləyib ki, ölkədə kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıqla məşğul olanların əksəriyyəti qeyri-peşəkarlardır:
"Doğrudur, onlar müəyyən dərəcədə atalarının, qohumlarının təcrübələrindən bəhrələniblər. Lakin işə məsuliyyətlə yanaşa bilmirlər. Hadisəyə gəlincə isə sahibkarda aldığı preparatın mütləq instruksiyası olmalıdır. Bu, dərman vasitəsindən hansı dozada istifadə edilməsi barədə təlimat verir. Əslində, "Neastol" olduqca zəhərli maddədir və gənələrə qarşı istifadə olunur. Ona görə də istifadəsi zamanı çox diqqətli olmaq lazımdır. Dərmanlamadan sonra isə heyvanlar sahəyə buraxılmamalıdır. Həmçinin heyvanlar elə ərazidə saxlanmalı idi ki, özünü yalamasın. Hətta, bir neçə il öncə, sahibkar heyvanları dərmanlayıb çimizdirərkən vəfat edib. Qeyd edim ki, uzun illərdən bəridir, Sovet hökümətinin vaxtında belə, buna bənzər dərmanlardan istifadə olunurdu. Lakin heyvanların tələfi və insan ölümü baş vermirdi. Çünki bu işə baytar həkimlər nəzarət edirdilər. İndiki dövrdə fermerlər yalnız öz fəaliyyətləri ilə məşğuldurlar. Onların təhsilləri belə tədbirləri imkan vermədiyi üçün yerli baytar həkimləri ilə mütləq məsləhətləşməlidirlər".