Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericilikdə isə qeyd edilib ki, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir. Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq. Hazırkı qanunvericilikdə bildirilir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir. Daha bir dəyişikliklə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır. Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.
Məsələni dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a deyib ki, cərimə sanksiyaları sürücüləri, piyadaları və yol hərəkəti iştirakçılarının hər birini məsuliyyətə, intizama məcbur edir:
''Çünki yüksək məbləğli cərimələr ailənin büdcəsinə ziyan vurur. İllər öncə paytaxtda sürücülərin əksəriyyətinin kəmər taxmadığını müşahidə edirdik. Lakin cərimələr tətbiq edildikdən sonra, hər kəs həmin qaydaya əməl etməli oldu. Həmçinin, keçid zamanı sürücülərin piyadalara yol verməməsinə görə əlavə edilən cərimələr də bu qəbildəndir. Lakin parklanma ilə bağlı cərimələrin miqdarı kifayyət qədər böyük məbləğdədir. Unutmamalıyıq ki, hər kəs bilərəkdən qaydaları pozmur. Məsələn, hansısa bir yol nişanının tələbləri gecə dəyişir və nəticədə səhərisi gün hərəkət edən sürücü ani diqqətsizlik edib nişana məhəl qoymaya bilir''.
Ekspert diqqətə çatdırıb ki, cərimə məbləğlərinin ikiqat artırılmasına ehtiyac yox idi:
"Ona görə ki, qaydanın pozulmaması üçün hazırkı cərimələrin miqdarı yetərincədir. Sürücü avtobus, volosiped yollarına daxil olursa, bunun cəriməsini də gözünün önünə gətirməlidir. Düşünürəm ki, onlar üçün cərimələrin nə qədər böyük olmasının fərqi yoxdur. Yol infrastrukturu isə indiki nəqliyyat yükünə imkan vermir. Lakin dövlət Bakını yenidən söküb-tikəcək deyil. Ona görə də mövcud qaydalara uyğun hərəkət etmək lazımdır".