Havalar isindikcə sevimli meyvə-tərəvəzlərin də mövsümü gəlib çatır. Qarpız isə yay bostan bitkilərinin içərisində ən əvəzedilməzdir. İqlimdən asılı olaraq qarpız müxtəlif ölkələrdə və müxtəlif zamanlarda yetişir. Məsələn, bizə yaxın Orta Asiya ölkələrinin yay iqlimi quraq və isti olduğundan qarpız və yemiş həmin ölkələrin bazarlarında daha tez çıxır. Ölkəmizdə kütləvi satışı isə iyunun əvvəllərindən başlayır. Bəs iyunda qarpız və yemişdən istifadə nə dərəcədə təhlükəlidir? Təəssüf ki, bəzən qarpızdan zəhərlənənlər də olur. Bu halla qarşılaşmamaqdan ötrü qarpız alarkən hansı nüanslara diqqət etməliyik?
Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, qarpız və yemiş iyul və avqust ayında yetişir:
''Bu qida orqanizm üçün faydalıdır. Tərkibi bol sulu olduğu üçün yayda sərinlik gətirir, susuzluğu aradan qaldırır. Həmçinin, tərkibində şəkər miqdarı çoxdur. Ona görə də normadan artıq qəbulu qan şəkərinin yüksəlməsinə, çəki artımına səbəb ola bilər. Unutmaq olmaz ki, bu meyvələri mövsümündən kənar yetişdirmək üçün müxtəlif kimyəvi maddələrdən, dərmanlardan istifadə edirlər. Bu isə müxtəlif pis nəticələrə, əsasən də zəhərlənmə hallarına səbəb ola bilər. Qarpız alarkən və istifadə edərkən rənginin tünd yaşıl və üzərindəki zolaqların görünən olmasına diqqət etmək lazımdır. Yumşaq, əzilmiş, solğun rəngli qarpız almayın. Evdə istifadə etdikdən sonra, soyuducuda saxlayın, lakin çox uzun müddət saxlamaq olmaz. Qarpızı yemədən əvvəl qoxusuna, rənginə nəzər yetirin. Belə ki, qarpız özünəməxsus xoş, şirin qoxulu və tünd qırmızı rəngdə olmalıdır. Soyuducuda saxladığınız qarpızın üzəri yumşalmış, tumları yerindən çıxmış və iyisi, rəngi dəyişən halda olmamalıdır. Bu kimi məqamlara diqqət etməklə sağlamlığınızı və cibinizi qoruyun''.
Əfsus ki, bu il qarpız mövsümünün erkən başa çatacağı gözlənilir. Səbəb qarpız kolları üzərində məhsulun olduqca az olmasıdır. Fermerlər mövsümün əvvəlində ümidli idilər ki, bu il bol məhsul tədarük edəcəklər. Bunun üçün səbəbləri də var idi. Çünki hava yaxşı keçir, bitki normal inkişaf edirdi. Amma qeyri-sabit hava şəraiti vəziyyəti dəyişdi. Çəkilən xərclər də nəzərə alınsa, qarpızın daha baha satılacağı ehtimal edilir. Təsərrüfatçıların qənaətinə görə, məhsuldarlıqda təxminən 30-40 faiz itki gözlənilir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov diqqətə çatdırıb ki, bu il iqlim şəraiti bəzi məhsulların yetişməsi üçün münbit olmadı:
''Ona görə də əvvəlki illərdən fərqli olaraq, bu mövsüm qarpız bazara daha gec çıxarıldı. Qiyməti isə olduqca bahadır. Həmçinin, buna məhsuldarlığın az olması da təsir göstərir. Hətta, qarpız və yemişlərin keyfiyyətində fərqlər də var. Bir müddət intensiv yağışlar yağdı və bitki normal inkişaf etmədiyinə görə, məhsuldarlığa ciddi ziyan dəydi. Məhsul az olduğu üçün, qarpızın qiyməti bahalaşıb. Əgər bundan sonra, havalar yaxşılaşarsa, nisbətən məhsulda artım ola bilər. Ancaq əvvəlki illə eyni səviyyədə olacağı gözlənilmir".