Son zamanlar insanlar arasında böyük maraqla qarşılanan terapiya vasitələrindən biri də "sadhu"dur. Əslində, "sadhu" terapiyası Asiya mənşəli qədim müalicə üsuludur. Bu unikal terapiya zehni və emosional tarazlığı bərpa etmək, stressin öhdəsindən gəlmək, yaradıcılığı artırmaq və ümumi rifahı yaxşılaşdırmaq məqsədi daşıyır. Bələdçilər öz iştirakçılarına meditasiya, nəfəs nəzarəti və yoqa kimi üsullardan istifadə edərək dərin daxili təcrübə təklif edirlər.
Bu üsuldan istifadə etmək istəyənləri isə bir neçə sual maraqlandırır.
Məsələn, "sadhu" terapiyasının nə kimi özəllikləri var? Neçə seans tətbiq olunmalıdır? Terapiyanın xüsusi bir yaş kateqoriyası varmı?
Suallarımızı cavablandıran sadhu terapiyası üzrə mütəxəssis Zümrüd Səlimova “Sherg.az”a açıqlamasında söyləyib ki, bu terapiya "sadhu taxtası" üzərində keçirilir:
''Belə ki, həmin taxtanın üzərinə xüsusi simmetriya üzrə mismarlar düzülür. Mismarlar iki ölçüdə 8-10 millimetrlik olur. İlk başlayanlara 8 mm-lik mismarlar üzərində terapiya aparırıq. Bu zaman ayağın altında ağrı yaranır. Məlumdur ki, ayağımızın altında daxili orqanlarımızı təmsil edən xüsusi nöqtələr mövcuddur. Bunu refleksologiya elmi daha geniş şəkildə araşdırıb. "Sadhu taxtası" üzərində dayandığımız vaxtda bərabər miqdarda təzyiq yaranır. Bədəndə ağrı olduğu üçün insan təşvişə düşür. Orqanizm öz funksiyasını yerinə yetirməyə başlayır, ağrı olan yerə qan axınını sürətləndirir. Bunun nəticəsində də ümumi bədəndə qan dövranının yaxşılaşır. Qeyd edim ki, hər bir insanlar taxta üzərində fərqli reaksiyalar verir. Bəziləri uçunur, digərləri qışqıraraq ağlayır, elələri də var ki, qəhqəhə ataraq gülməyə başlayırlar. Bununla onlar öz daxillərində basdırdıqları duyğunu sadhu taxtası üzərində biruzə verirlər. Bu vaxt şüuraltı proqramlara çatmaq asan olduğu üçün "Theta healing" üzrə seansa başlayıram. Bunu isə xüsusi texnikalarla icra edirik və inanc dəyişiklikləri, hiss yükləmələri ilə həmin duyğunu yaşadan problemi tapıb həll edirik''.
Mütəxəsis vurğulayıb ki, seansların müddəti isə fərdi olaraq dəyişir:
''Məsələn,cəmi bir seansla problemi həll olunan şəxslər var. Ortalamaya uyğun olaraq isə 2-3 seans gərəklidir. Terapiyanın xüsusi bir yaş kateqoriyası yoxdur. 18 yaşdan etibarən bütün insanlar iştirak edə bilərlər. Lakin hamilə qadınlar, onkoloji xəstələr, infarkt keçirənlər və qanda laxtalanmanın miqdarı yüksək olanlara sadhu terapisi məsləhət görülmür''.