2024-cü ilin may ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7.1 faiz artıb. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, tələbin artması qiymətlərə də təsir göstərib. Belə ki, şadlıq saraylarında may ayında qiymətlər 5.3 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb - 7.3 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 4.5 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.
Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a söyləyib ki, restoran qiymətlərində tendensiya yüksələn xətlə gedir:
''Qiymətlərdə isə azalma gözlənilmir. Bu nüans Azərbaycanda turizmin inkişafına ağır zərbə vurur. Fikrimcə, sərhədlər açıldıqdan sonra ölkə bunun ciddi acı nəticəsini görəcək. Həmçinin, əhalinin şadlıq saraylarına verdiyi pulun çox hissəsi müğənnilərə çatır. Restoran sahibləri ilə müğənnilər arasında sıx əməkdaşlıq var. Həmin birgə əməkdaşlıq müştərilərin soyulmasına gətirib çıxarır. Buradakı keyfiyyətə nəzarət aşağı səviyyədədir və insanlara ən təhlükəli qidalar təqdim edilir. Azərbaycanda bu ənənə dəyişməlidir. Alternativ olaraq çadır toylarına keçmək lazımdır. Azərbaycanda biznes qurmaq üçün çox rahat şərait yaradılıb. Lakin bu vəziyyətdə sui- istifadə edərək camaatı aldadanlar da az deyil''.
E.Hüseynov vurğulayıb ki, dövlətimiz turizm sahəsində qonşu ölkələrə uduzur:
''Biznes qrumları sərhədlər açıldıqdan sonra bunun böyük əzabını çəkəcəklər. Türkiyədə restoranda işləyənlər sanki, sahibkarlarının qəsdinə durublar. İstehlakçıya servis göstərmə metodu ilə sahibkarı bir növ soyurlar. Lakin onlar optimal qiymət hazırlayırlar ki, müştərilər narazı qalmasınlar. Azərbaycanda isə belə bir optimallaşma yoxdur və istehlakçının haqları pozulur".
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, şadlıq saraylarındakı qiymətləri heç kəs tənzimləmir:
''Belə bir struktur yoxdur və gərəkli də deyil. Restoranlardakı qiymətləri dövlət deyil, bazar özü təyin edir. Fikrimcə, restoranlar bahadırsa, heç kəs getməsin. Yəni, məcburi deyil, bir vaxtlar çadırlar qurularaq toy keçirilirdi. Şadlıq saraylarındakı qiymətlərin enməsi rəqabətə bağlıdır. Belə ki, restoranların satış planı və xərcləri var. Bunu icra etmək üçün isə daha çox satış etməlidirlər. Ona görə də rəqabət məcbur edərsə, qiymətləri aşağı salmaq məburiyyətində qalacaqlar. Bazarda çox sayda restoran fəaliyyətdədir. Hər bir kəs öz cibinə uyğun seçim etməlidir. Ümumiyyətlə, şadlıq sarayında toy etmək bərbat adətdir. Türkiyə bizdən dəfələrlə varlı olmasına baxmayaraq, toylarda yemək vermirlər".