İnsan ruhunun qidası: Dinlədiyimiz musiqilərə xüsusi diqqət etməliyik -Psixoloqda tövsəyi

Hər kəsin musiqi zövqü fərqlidir. ''Heavy metal'', ''caz'', ''pop'', klassik və ya milli. Bəzilərimiz həmişə eyni üsluba musiqiyə qulaq asırıq, bəziləri isə emosiyalarına görə seçimlərini dəyişir. Ancaq bütün bu mahnıları dinləyərkən necə təsirləndiyimizi də bilmirik. Maraqlıdır, dinlədiyimiz mahnılar bizə müxtəlif yollarla necə və hansı şəkildə təsir edir?

Mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, musiqi insan ruhunun qidasıdır:

''Beşiydən qəbr evinə qədər müxtəlif səslər, avazlar eşidirik. Doğulduğumuz gündən anamız bizlərə lay-lay çalır, dünyadan gedəndə isə quran oxunur. Yəni, insan ömrünün hər bir yaşında musiqiyə ehtiyacı var. Mahnı ruhlandırır, duyğulandırır. Bir sözlə, bütün hisslərimizi ortaya çıxarır. Son dönəmdə yeniyetməlik yaşında gənclər "oğru aləmi" tərzində musiqilərə qulaq asırlar. Çünki özlərini özgüvənli, rahat hiss etmələri üçün bu tip musiqiləri seçirlər. Hətta, yaş irəlilədikcə, hər bir şəxsin musiqi zövqü də dəyişir. Məsələn yaşlı nəsil muğam, gənclər isə daha çox pop müsiqilərini dinləyirlər. Mahnıların insana müsbət təsiri çoxdur. Lakin elə musiqilər də mövcuddur ki, yeniyetmələrə mənfi təsirləri ola bilər. Hətta, bu yaxınlarda direktorun məzunlarla birgə "oğru aləminə" məxsus mahnı səsləndirməsi ona müəyyən problemlər yaratdı. Bu səbəbdən dinlədiyimiz musiqilərə xüsusi diqqət etməliyik. Qeyd edim ki, musiqiyə qulaq asarkən istər-istəməz  sözlərini əzbərləyirik. Beynimiz davamlı olaraq həmin sözləri deməyə çalışır. Sonradan görürük ki, bu nüans bizim həyatımızda əks olunur. Bir sözlə, ağızdan çıxan hər söz gələcəkdə həyatımıza təsir edir. Bu səbəbdən musiqini seçərkən, çalışın ki, sözləri gözəl, pozitiv olsun".