Mütəxəssis: Biz artıq özümüzü “elekton vətəndaş” adlandıra bilərik

Azərbaycanda şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim ediləcək.
Bu barədə məsələ Milli Məclisin ötən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında deyib ki, rəqəmsallaşma dövrün əsas tələbidir: 
“Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemində tanınması ölkənin rəqəmsallaşması istiqamətində atılan böyük bir addımdır. Deməli, biz artıq özümüzü “elekton vətəndaş”  adlandıra bilərik. Rəqəmsal vətəndaş olmağımıza isə hələ var. Bunun üçün ölkədə rəqəmsal transformasiya prosesi tamamlanmalıdır. “Rəqəmsal vətəndaş” informasiya texnologiyalarından istifadə edərək cəmiyyətdə, həyatın bütün sahələrində özünün həyat fəaliyyətini təşkil edir və tənzimləyir”.

Ekspert qeyd edib ki, “Rəqəmsal vətəndaşlığın” əsas məqsədləri informasiya əlaqəsi və elektron xidmətlər, demokratik iştirak, məlumat təhlili və s. təşkil edir. Üstünlükləri əlçatanlıq, sürətlilik, dəqiqlik, effektivlik və s.-dən ibarətdir. “Rəqəmsal vətəndaşlığın” riskləri də mövcuddur, buna gizlilik, təhlükəsizlik və digər kimi risklər daxildir:
 “Bu günə qədər biz keçid məntəqələrində və müvafiq qurumlara müraciət edən zaman şəxsiyyət vəsiqəmizi təqdim edirdik. Bundan sonra isə alternativ olaraq “Mygov” və SİMA mobil tətbiqlərdə əks olunan  fərdi məlumatlarımızı təqdim edə bilərik.   Şəxsiyyət vəsiqəsini üzərində gəzdirməyən insanlar üçün bu dəyişiklik kifayət qədər müsbət bir haldır. Hələlik sözügedən tətbiq istifadətyə verilmədiyi üçün onun sadəcə onlayn, yoxsa həm də oflayn rejimdə işləyəcəyini bilmirik”.

E. Abbasovun sözlərinə görə, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi hər nə qədər müsbət addım olsa da, təhlükəsizliklə bağlı müəyyən tərəddüdlər var:
“Bu dəyişiklikdən kiberdələduzların hansısa formada faydalana biləcəyi sual doğurur. Təhlükəli məqamlar ondan ibarətdir ki, Azərbaycanda kiberdələduzluq, kibercinayətkarlıq, kibertalançılıq var və bu zamanla böyüməkdədir. Biz rəqəmsallaşmanı qurarkən vətəndaşın məlumatını, ona verdiyimiz xidməti təhlükə altına almamalıyıq. Rəqəmsallaşma qurularkən bunlara xüsusi diqqət göstərilməlidir. Dələduzlar hansısa formada bizim telefonumuzdakı mobil tətbiqə daxil olub şəxsiyyət vəsiqəmizdəki məlumatları əldə edib, sistemə daxil olsalar fərdi məlumlatların təhlükəsizliyi necə qorunacaq. Kiberdələduzların bizin adımızdan  hansısa bir əməliyyat aparması mümkün olacaq yoxsa, biometrik  təsdiq tələb olunacaq?”.