Qız uşaqlarının təhsil alması günün tələbidir

Bu təşəbbüskar qadınların, iş qadınlarının, savadlı anaların sayının artması deməkdir


  İnsanın şəxsiyyət kimi formalaşmasında, milli dəyərlərə sahiblənməsində və inkişafında təhsilin rolu danılmazdır. Buna görə də təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq cəmiyyət formalaşır.  Vətəndaş cəmiyyəti quruculuğu yolunu gedən, inkişaf istiqamətlərini müəyyənləşdirən hər bir ölkə bu məqsədlə ilk növbədə təhsilin inkişafına diqqət ayırır. Təhsili inkişaf etdirə bilən, vətəndaşlarına yaxşı təhsil verən dövlət vətəndaş cəmiyyətinin quruculuğunda, inkişafında böyük məsafə qət etmiş sayılır. Cəmiyyətin inkişafı və düşüncəsi onun təhsil səviyyəsindən asılıdır. Mütərəqqi təhsil sistemi Azərbaycanın əsas qayəsi, qarşıya qoyduğu  prioritetlərdən biridir. Dövlətimiz hər bir vətəndaşın savadlı və bilikli olması üçün hər bir şəraiti yaradır. Məhz aldığı təhsil sahəsində Azərbaycan qadını əzmkarlığı, mübarizliyi ilə dünya qadınlarına örnəkdir. Tarixi faktdır ki, Azərbaycan müsəlman şərqində qadınların seçib-seçilmək hüququnu tanıyan ilk ölkə olub.
Bütün dəlillərə, tarixi dəlil və sübutlara baxmayaraq, gələcəkdə ana olacaq qızlarımızın təhsil almalarında müəyyən problemlər, çətinliklər var. Paytaxt Bakıdan kənar ucqar rayonlarda, kəndlərdə hələ də qızların təhsilə cəlb olunmasında problemlər mövcuddur.
  Təhsil eksperti Kamran Əsədov "Sherg.az"a bildirib ki, təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında da müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərsə də, qızların təhsil almalarında çətinliklər var:
"Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Apardığımız araşdırmalardan məlum olur ki,  kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar". K.Əsədovun fikrincə, qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir. "Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər. Hər il DİM-in cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır.
  Son illərin rəqəmlərinə baxanda görürük ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir". 
Qızların təhsildən yayınmasında erkən nikah faktorunun böyük rolu olduğunu qeyd edən təhsil eksperti K.Əsədov deyib ki, qanunvericilikdə erkən nikaha təhriketmə ilə bağlı azadlıqdan məhrumetmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır: "Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 
Təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır.
Ali təhsil müəssisələrinə qəbul olan oğlan və qız abituriyentlərin sayları arasında fərq kiçikdir. Onların 48.69 faizini (18589 nəfər) oğlanlar, 51.31 faizni (19589 nəfər) qızlar təşkil edib. Dövlət sifarişi üzrə ali təhsil müəssisələrinə qəbul olanların isə 53.48 faizni (9167 nəfər) qız və 46.52 faizni (7974 nəfər) oğlan abituriyentlər təşkil edib. Subbakalavrlar arasında qəbul olanların 36.16 faizni (1271 nəfər) oğlanlar, 63.84 faizini (2244 nəfər) qızlar təşkil edib. 
  Təhsildə gender problemindən bəhs edərkən peşə seçimində gender balansının pozulmasının gələcək fəsadlarına da toxunmaq yerinə düşər. Ali təhsil sahəsində aparılmış tədqiqatlara əsasən aydın olub ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Belə ki, sosiologiya, pedaqogika, psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Pedaqogika və tibb sahələrinə qızların daha çox meyil etməsi, oğlanların bu peşələri “qeyri-kişi” peşələri kimi qəbul etməsi üzündən gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozulacağından xəbər verir. Pedaqoji sahəni “qadın sahəsi” hesab edən oğlanlar cəmiyyətdə mövcud olan stereotiplər və bu sahədə iqtisadi çətinliklərin olması səbəbi ilə bu peşə üzrə təhsil almağa tərəddüd edirlər. Bu isə oğlanların şüurunda sosial rolların bölgüsünə dair gender stereotipinin mövcudluğundan xəbər verir.
  Müasir dünyagörüşə zidd olan köhnə baxışları inkar etmək və zəruri olanı təsdiq etmək təhsildə mövcud olan gender problemlərini aradan qaldırmaq üçün günün tələbidir. Bu baxımdan pedaqoji fikir tarixində, digər humanitar elm sahələrində tarixi-nəzəri ümumiləşdirmələr, tarixi- məntiqi təhlil aparmaq lazımdır. Çünki əldə etdiyimiz keçmiş sosial təcrübəyə, malik olduğumuz əxlaqi-mənəvi dəyərlərə istinad etdikdə bu sahədəki çətinlikləri asanlıqla aradan qaldıra bilərik".

  Sosioloq Lalə Mehralı isə bildirib ki, əslində, oğlanlardan da çox qızların təhsil almağa ehtiyacı var: 

“Çünki oğlan oxuyarsa özünü, qız oxuyarsa, ailəsini, övladlarını xilas etmiş olur. Yəni ailədə təhsilli ana təhsilli atadan daha böyük rol oynayır. Çünki uşağın tərbiyəsi, dərsləri və təlimi ilə ana məşğuldur. Ona görə də qızların oxuması daha vacibdir. Amma  şahidi oluruq ki, qız ali məktəbə qəbul olur, nişanlayırlar nişanlısı icazə vermir, ailə qurur, ailə qayğıları səbəbindən təhsildən uzaqlaşır və yaxud da ki, 15-16 yaşında məktəbdən uzaqlaşdırır, nişanlayır və ərə verirlər. Yəni valideynlər heç orta təhsilini belə tamamlamağa imkan vermirlər. Orta təhsil Azərbaycanda ödənişsiz və dövlət hesabınadır. Bunu dəyərləndirmək lazımdır. Əgər yaxşı oxuyursansa, təbii ki, universitetdə ödənişsiz əsaslarla təhsil almaq imkanı genişdir. Dövlətin təhsilə verdiyi önəmi insanlar və valideynlər də verməlidir. Xüsusilə də qız uşaqlarının təhsil alması ölkənin gələcəyinin parlaq olması deməkdir. Qız uşaqlarının təhsil almağı təşəbbüskar qadınların, iş qadınlarının, savadlı anaların sayının artması deməkdir. Buna da dəstəyi necə ki dövlət göstərir, eləcə də valideynlər göstərməlidir. Hər gün bir qızı erkən yaşda ərə verməklə ailələr yükdən qurtulmaq istəyir. El arasında belə bir misal var. Qız yükü duz yükü. Valideynlər sanki qızlarını özlərinə duz yükü kimi qəbul edirlər. Ailələr ona görə də qızlarını daha tez evləndirmək, uzaqlaşdırmaq, məsuliyyətdən yaxa qurtarmaq üçün ərə verməyə çalışırlar. Bəzən də qızlarımız ailə qurduqdan sonra da təhsilini davam etdirir. Belə qızların sayı azdır. Təəssüf ki, bəzən bu təhsil ya öz israrı, təkidi ilə, ya da qan tərəf anlayışı ilə həyata keçir. Amma bir çox qızımız valideynlərinin məcburiyyətinə görə bu cür şanslı ola bilmir və təhsil arzusu yarıda qalmalı olur. Ona görə də dövlətin erkən nigahların üstünə bu qədər düşməsi, təhsildən yayınma hallarını tez aşkar eləməsi olduqca təqdirəlayiq haldır. Bu vəziyyətdə insanlar bilməlidir ki, qızlar tək onların qızı deyil, həm də bu dövlətin qızıdır. Dövlət öz vətəndaşının təhsil alması yönümündə islahatlar aparır və təhsili inkişaf etdirir. Ona görə də zənn edirəm ki, valideynlərin müəyyən dərəcədə öz baxış bucaqlarını dəyişməli və qızların təhsilin vacibliyi istiqamətində məlumatlandırılmağa ehtiyacları var". 

Fidan Həmişəyeva

Yazı “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur”