Ermənistan konstitusiyasını dəyişməyə məcburdur - AKTUAL

Paşinyan anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün başqa çıxış yolu yoxdur

  Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan konstitusiyasını ziddiyyətli adlandırıb. “Konstitusiya Günü” münasibətilə vətəndaşlara müraciət edən baş nazir deyib ki, indiki konstitusiya dərin sosial-psixoloji qarşıdurma içindədir. Onun sözlərinə görə, Ermənistan vətəndaşı konstitusiyanın onun özü və qonşusu, dövlətinin digər sakinləri ilə yaşamaq qaydalarına dair anlayış və razılığını ifadə etmir: "Həmin mətni hakim elita (keçmiş hakimiyyət – red.) yaradıb, onun qəbul olunduğunu bəyan edib. İnanıram ki, bu, ölkəmiz üçün əsas problemdir və ölkəmizə yeni konstitusiya lazımdır və mən hazırda yeni mətndən çox onun yaradılması və qəbulunun yeni üsulundan danışıram". Ermənistan rəhbəri konstitusiya dəyişikliyi məsələsinin gündəmdə olduğunu qeyd edib: “Bu mövzu indi həm daxildə, həm də xaricdə çox müzakirə olunur. Amma biz öz dövlətimizi, Ermənistan Respublikasını gücləndirmək, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz etmək üçün yolumuza davam etməliyik”.
  Nikol Paşinyan hələ yanvar ayında Ermənistanın konstitusiya düzəlişlərinə deyil, yeni konstitusiyaya ehtiyacı olduğunu vurğulayıb. O, bunu dünyada və Cənubi Qafqazda baş verən dəyişikliklərlə izah edib. Baş nazirin sözlərinə görə, ölkənin xalq tərəfindən referendum yolu ilə qəbul edilən, nəticələri şübhə doğurmayan konstitusiyası olmalıdır və bu konstitusiya Ermənistanı “yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli” etməlidir. Qeyd edək ki, rəsmi Bakı Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının İrəvanla sülh müqaviləsinin bağlanmasına əsas maneə olduğunu dəfələrlə bəyan edib. Ermənistan hakimiyyəti isə öz növbəsində konstitusiyaya dəyişiklik planlarının Azərbaycanın tələbləri ilə bağlı olmadığını bildirib. Ermənistanın hazırkı konstitusiyası 1995-ci ildə qəbul edilib, 2005 və 2015-ci illərdə konstitusiya islahatları aparılıb. 2015-ci il düzəlişlərindən sonra ölkə yarı-prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib.
  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün başqa çıxış yolu yoxdur və konstitusiya mütləq dəyişməlidir. Hüquq müdafiəçisi deyib ki, Paşinyanın açıqlamalarında həqiqət var:

"Mövcud konstitusiyanı köhnə hakimiyyət formalaşdırıb. Yəni Ermənistanın konstitusiyası vaxtı ilə Qarabağı "Ermənistan ərazisi" hesab edən, bu kartdan istifadə etməklə hakimiyyətə gələn, torpaqlarımızı işğal edərək azərbaycanlıların kütləvi qırğınlarına səbəb olan cinayətkarlar tərəfindən hazırlanıb və qəbul olunub. O dövrdə rəhbərlikdə olanların hakimiyyət maraqlarına tam uyğundur. Amma bu konstitusiyada Ermənistan əhalisinin maraqları nəzərə alınmayıb. Düzdür, o vaxt təbliğat güclü idi və Ermənistan əhalisinin böyük hissəsi elə hesab edirdi ki, Qarabağ onlara məxsusdur. İndiki şərait, mövcud reallıqlar və kənar təzyiqlər Paşinyanı məcbur edir ki, sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın şərtlərini qəbul etsin. Bu şərtlər də ondan ibarətdir ki, qonşu ölkələrə ərazi iddiası yolverilməzdir. Özünü normal, hüquqi və demokratik adlandıran bir dövlət, hökumət qonşulara ərazi iddiasını özünün əsas anayasasına tətbiq edə bilməz. Bu, işğalçılıq siyasətinin hüquqi təsdiqidir. O baxımdan Paşinyan konstitusiyanın dəyişməsi üzərindən ictimai rəyi hazırlamaqla məşğuldur. Baş nazir müxtəlif fikirləri ortaya atmaqla, onların üzərindən müzakirələr aparmaqla erməni xalqının yanaşmasını aydınlaşdırmağa çalışır. Çox ustalıqla bunu edir".
  Ç.Qənizadə qeyd edib ki, Paşinyanın siyasi reytinqi digərlərindən qat-qat çoxdur:
"Ermənistan hökuməti konstitusiya dəyişikliyinə gedəcək. Keşişin rəhbərliyi ilə bir müddət davam edən etiraz aksiyaları heç bir nəticə vermədi. Etirazları dəstəkləyənlər erməni əhalinin heç 3-5 faizi belə deyildi. Paşinyan ona görə arxayındır. İrəvan hökuməti sülh sazişinin imzalanmasını, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını istəyirsə, mütləq konstitusiyanı dəyişməlidir. Təbii ki, bunun çətin proses olduğu da bəllidir. Lakin düşünürəm ki, Ermənistan daxili təzyiqlərə baxmayaraq, konstitusiya dəyişikliyinə gedəcək".