ABŞ-nin bütün planları imicini ciddi zədələyib - AÇIQLAMA

Ona görə çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın və bundan özünə pay götürsün

  Azərbaycan və ABŞ-nin dövlət başçılarının hər iki ölkənin önəmli təqvim günlərində, xüsusən də Müstəqillik Günü ilə bağlı bir-birinə təbrik məktubu ünvanlamaları müsbət ənənə halını alıb. Prezident İlham Əliyevin ötən gün ABŞ Prezidenti Cozef Baydenə Müstəqillik Günü münasibətilə göndərdiyi növbəti təbrik məktubu da bu xoş ənənənin davamıdır. Bundan əvvəl isə ABŞ-nin dövlət başçısı azərbaycanlı həmkarına həm 28 May – Müstəqillik Günümüzlə, həm də Bakı Enerji Həftəsi ilə bağlı təbrik məktubları göndərmişdi. Dövlət başçısının məktubunda diqqətçəkən önəmli məqamlardan biri Azərbaycanın Ermənistan ilə sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirməsinin xüsusi olaraq qeyd edilməsidir. Ölkə rəhbəri İlham Əliyev Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzminin rəsmi Bakı tərəfindən təqdirlə qarşılandığını bildirib. Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken də ötən gün deyib ki, Vaşinqton administrasiyası hesab edir ki, indi Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkan var. Onun sözlərinə görə, ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var. Blinkenin fikrincə, sülh sazişi iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələr arasında əlaqələrin qurulması baxımından regionda böyük imkanlar yaradacaq: "Azərbaycan bu işdə həlledici rol oynamalıdır". Blinken bildirib ki, ABŞ, Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub: "Bu barədə cəmi bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Hesab edirəm bu, mümkündür və Azərbaycan və Ermənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına tam cavab verir".
  Politoloq İlqar Vəlizadə deyib ki, Vaşinqton son dönəmdə dünyanın siyasi səhnəsində, fərqli regionlarda istədiyini əldə edə bilmir və uduzur. Ekspertin sözlərinə görə, ABŞ heç bir bölgədə müvəffəqiyyət əldə edə bilməyib:

"Vaşinqtonun uduzduğu, nailiyyət əldə edə bilmədiyi cəbhələrdən biri də Rusiya-Ukrayna müharibəsidir. ABŞ uzun zamandır hər cür imkanlarla Ukraynanı dəstəkləsə də, Rusiyanı məğlub etməyi bacarmır. Ağ Ev Yaxın Şərqdəki müharibəni də dayandıra bilmir. Uzaq Şərqdə, Çin ətrafında da vəziyyət gərgin olaraq qalmaqdadır. Bunlar ABŞ-nin planlarını, həmçinin beynəlxalq nüfuzunu, imicini ciddi zədələyir. Bütün bunlar Vaşinqtonu vadar və məcbur edir ki, ABŞ hansısa regionda uğur və nailiyyət qazansın, imicini qoruyub saxlasın. Bunun üçün ən optimal bölgə kimi Cənubi Qafqazı, Azərbaycan-Ermənstan arasındakı sülh prosesini görürlər. Ona görə də ABŞ tərəfləri sülhə səsləyir, çağırışlar edir, bir növ bu məsələdə xüsusi canfəşanlıq göstərir".
  Ekspertin fikrincə, ABŞ düşünür ki, əgər proseslərə mümkün qədər müdaxilə edərsə, daha doğrusu, sülh təşəbbüslərinə dəstək verərsə, sülh sazişinin imzalanmasında ona da pay düşəcək, yəni əldə olunmuş nəticə onun da ayağına yazılacaq: "Hamı deyəcək ki, məhz ABŞ-nin vasitəçiliyi ilə sülh əldə olundu. Diqqət yetirdizsə, Amerika Birləşmiş Ştatlarının rəsmisi Ceyms Obrayn Zəngəzur dəhlizinin önəmindən danışdı. Vurğuladı ki, Çin və Mərkəzi Asiyadan başlayan ən etibarlı nəqliyyat yolu Azərbaycan-Ermənistan-Türkiyə marşrutudur. Bu həm də, Qərb və NATO ölkələri ilə Mərkəzi Asiya ölkələri arasında hərtərəfli əlaqələrin qurulması deməkdir. Həmçinin Amerikada seçkiqabağı ölkə rəhbərliyi bu tipli təşəbbüslərlə xal qazanmağa, daxili reytinqini artırmağa çalışır. Amma Azərbaycan üçün bu, prinsipial əhəmiyyət kəsb etmir. Rəsmi Bakının məqsədi odur ki, tərəflər arasında sülh dayanıqlı, möhkəm və qalıcı olsun. Ona görə də İrəvan qarşısında tələblərimizi dilə gətiririk. Əks halda sülhlə bağlı gözlənitlər özünü doğrultmayacaq. Yəni reallıq və gedişat ABŞ-nin istəyindən asılı deyil".