“Yüksəliş” müsabiqəsinin daha az yaşlı qruplar arasında keçirilməsi nəzərdə tutulur.
"Sherg.az" xəbər verir ki, bunu "Bakı Ekspo Mərkəzi"ndə keçirilən "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
"İnanıram müxtəlif yaş qrupları bu müsabiqədə iştirak edəcək", - nazir əlavə edib.
Qeyd edək ki, əyani mərhələni uğurla başa vuran 328 namizəd yarımfinalda iştirak edir. "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin ilk günündə iştirakçılar "Nə? Harada? Nə zaman?" intellektual oyununda öz bilik və bacarıqlarını nümayiş etdirdilər.
Yarımfinalın növbəti günlərində iştirakçılar keyslər üzrə mübarizə aparacaq və onların səkkiz səriştəsi (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan "Qiymətləndirmə konfransı" metodu ilə həyata keçirilir. Namizədlərin səriştələri onlara verilən tapşırıqlara yanaşmalarına əsasən qiymətləndiriləcək.
İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edir. Yarımfinal mərhələsi 7 iyul tarixində tamamlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları final mərhələsi gözləyir. Müsabiqənin final mərhələsi 19-21 iyul tarixlərində keçiriləcək. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.