İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib

Rusiyanın Aeroflot şirkətinə məxsus İstanbul-Moskva təyyarəsi Həştərxanda məcburi eniş edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, təyyarədə olan bütün sərnişinlər hava limanının binasına təxliyə edilib.

Bildirilib ki, təcili enişin ilkin səbəbi uçuş zamanı təyyarədə nasazlığın yaranmasıdır.

Saat 18:45-də havada olarkən təyyarədə olan sərnişinlərə Həştərxanda planlaşdırılmamış eniş barədə məlumat verilib.

Sərnişinlərin sözlərinə görə, Aeroflot nümayəndələri əmin edirlər ki, gecə saat 2-də Moskvadan başqa bir təyyarə gəlib hamını paytaxta aparmalıdır.