Sülh sazişi ilə bağlı mətn yekunlaşmaq üzrədir - TƏHLİL

Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar formatı dərinləşir


  Sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən heç bir gecikmə yoxdur. Bu barədə iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Spiker bildirib ki, İrəvan sülhü imzalamağa hazırdır: "Deyə bilərik ki, top Azərbaycan tərəfdədir". Demarkasiya komissiyalarının reqlamentinə dair razılaşmaya gəlincə, o qeyd edib ki, proses davam edir: “Ümid edirik ki, uğur qazanacağıq”. ABŞ senatoru Rocer Uiker də qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etmək istəyir və danışıqları asanlaşdırmağa hazırdır: “Son məqsədimiz bütün bu regionda sülhün, təhlükəsizliyin, hüquqlara hörmətin olmasıdır”. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin də bu mövzuya toxunaraq qeyd edib ki, sülh müqaviləsi Ermənistan üçün sərhədlərdə sülhü təmin etməlidir: “Ermənistan xalqı əmin olmalıdır ki, sülh şəraitində dinc yaşaya bilər və heç bir hərbi əməliyyat təhlükəsi yoxdur. Sülh müqaviləsinin məqsədləri bunlardır. Ermənistan üçün sülh sazişi vacibdir, çünki İrəvan əmin olmalıdır ki, Azərbaycan tərəfdən heç bir hərbi əməliyyat olmayacaq, sərhəd-keçid məntəqələri açıq olacaq və həll olunmamış məsələlərə doğru addımlar atılacaq. Sülh sazişinin tezliklə imzalanmasını istəyirik”.
  Qeyd edək ki, son günlər Ermənistan mediasında Azərbaycanın eksklavı olan kəndlərin - Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin qaytarılması gündəmdədir. “Hraparak” nəşri yazıb ki, bütün sərhədyanı kəndləri əhatə edən sərhədyanı ərazilərdə mənzillərin tikintisi planının siyahısında Kərkinin adının olmaması bu kəndin geri qaytarılacağını təsdiqləyir. Erməni ekspertlərin iddiasına görə, sərhədin delimitasiyası zamanı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın dörd anklav kəndinin azad edilməsi məsələsi həll olunacaq. Ekspert Tiran Xaçatryan isə iddia edib ki, məsələ yalnız anklavların qaytarılması deyil, Azərbaycan dəhliz də tələb edir və hazırda əsas müzakirə budur.
  Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, sülhlə bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalmaqdadır. Analitik vurğulayıb ki, Bakı istəyir ki, İrəvanla sülh müzakirəli davamlı və genişmiqyaslı aparılsın. Eyni zamanda dəfələrlə vurğulayıb ki, müzakirələr ikitərəfli getməlidir:

"Ötən gün Azərbaycan Prezidenti Kanada səfirini qəbul edərkən bir daha vasitəçilərlə aparılan görüşün nəticə vermədiyini vurğuladı. Həqiqətən, proseslər göstərdi ki, kənar oyunçuların müdaxiləsi uğursuz olur və istənilən nəticəni vermir. 30 ilə yaxın ATƏT-in Minsk qrupunun vasitəçiliyinin uğursuzluğu hamıya məlumdur. Ara-sıra gündəmə gətirilən təşəbbüslər də bizim əleyhimizə idi. Həmçinin 44 günlük müharibədən sonrakı dönəmdə də vasitəçilərin iştirakı ilə tərəflərin görüşləri keçirildi. Fərqli formatlar yarandı. Brüssel, Vaşinqton və Moskva platformalarında Azərbaycan-Ermənistan rəhbərliyi və digər rəsmilər arasında təmaslar baş tutdu. Fransa və Almaniya da prosesə qoşulmağa cəhd göstərdi. Daha sonra Qazaxıstanda görüşlər oldu. Qonşu Gürcüstan təklif etdi ki, müzakirələr Tbilisidə aparılsın. Ancaq bütün bunlardan nəticə hasil olmadı. Ölkə rəhbəri haqlı olaraq vurğuladı ki, indiyədək tərəflər hansı məsələdə irəliləyiş əldə ediblərsə, bunun səbəbi ikitərəfli təmaslardır. Məhz Bakı-İrəvan müzakirələri sayəsində delimitasiya və demarkasiya prosesi alındı, 12-13 km. uzunluğunda sərhədi müəyyənləşdirmək mümkün oldu. Həmçinin Qazaxın işğalda olan 4 kəndi Azərbaycana qaytarıldı".
  Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar formatı dərinləşir: "Tərəflər sülh sazişi ilə bağlı mətni yekunlaşdırmaq üzrədir. Bakı da, İrəvan da açıqlayır ki, bir-iki aya müzakirələri başa çatdırmaq mümkündür. Mühüm məsələlərlə bağlı iki ölkənin komissiyaları davamlı çalışır. Sərhəd komissiyaları delimitasiya və demarkasiya prosesini həll etmək gücündədir. Əgər həm Ermənistan, həm də Azərbaycan bunun davamlı olmasını istəyirsə, kənar güclərin prosesə müdaxiləsinə imkan verilməməlidir. Çünki vasitəçilərin xeyri yox, ancaq ziyanı var".