Qiymət dəyişməsi ekoloji tələblərdən doğur -RƏY

Dizel yanacağının qiymət dəyişikliyinə görə fermerlərə dəstək mexanizmi hazırlanmalıdır

  Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. Ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun.
Əksər ölkələrdə Aİ-92 markalı benzin istifadə olunmur. Artıq qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib.  Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan “Avro-5” müasir standartlara uyğun hesab edilir.
  Ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. “Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır. 
Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. 
  Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.

  Tarif Şurasının müəyyən etdiyi qiymətləri şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında deyib ki, Aİ92,  Aİ95  və dizel yanacağının qiymət dəyişikliyinə görə  fermerlərə dəstək mexanizmi hazırlanmalıdır: 

“Ai92 markalı benzinin qiymətinin 10 qəpik yüksəlməsini başa düşmək olar. Amma bir şərtlə ki, həqiqətən də, satılacaq benzinin keyfiyyəti “Avro5” standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət etməyə və ehtiyat hissələrin daha uzunömürlü olması deməkdir. Amma keyfiyyət artmasa, onda heç nə...
Aİ95 markalı benzinin qiymətinin ucuzlaşmasını isə ekologiyanın və ili nisbətən yeni avtomobillərin dəstəklənməsi baxımından yüksək qiymətləndirirəm.
  Dizelin qiymətinin 25 faiz yüksəlməsi isə dizel mühərrikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini  göstərəcək. Buna görə də hökumət fermerlərin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır. 
  Onsuz da Aİ 92-nin artması logistik xərcləri və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaqdı. Bunun da üzərinə dizelin qiymətinin 25 faiz artmasını gəlsək, fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər  ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcəklər. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəricilərinə öz mənfi təsirini göstərəcək. Buna görə də bir daha qeyd edirəm ki, ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanacağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.