"Qızları ər yox, elm ocağına göndərməliyik"

Bəşəriyyət tarixi boyunca Şərqdə qadınlar ictimai həyatda və sosial münasibətlərdə həmişə arxa planda qalıb. Müsəlman cəmiyyətlərində kişilərdən fərqli olaraq qadınlar hər istək və arzularına, gələcək üçün qurduqları xəyallarını gerçəkləşdirə bilmirlər. Hətta uşaqlıqdan təhsil alıb vətəninə layiqincə xidmət etmək istəyən yüzlərlə qızın arzusu reallaşmır. Hər nə qədər Azərbaycanda gender bərabərliyi sahəsində vəziyyət qənaətbəxş hesab olunsa da, bəzi qızlarımız hələ də bu imkanlardan tam istifadə edə bilmir. Onların ali təhsil almasına mane olan müxtəlif sosial, mədəni-məişət xarakterli maneələr var. "Oğlanlar ailənin gələcək çörək qazananları olduğuna görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır" kimi cəmiyyətdə hələ də yaşamaqda olan köhnəlmiş, patriarxal təsəvvür və stereotiplər öz aktuallığını qoruyur. Məhz belə baxışlara görə valideynlər, ilk növbədə öz oğullarının təhsili və hazırlığı üçün xərc çəkməyə üstünlük verirlər. Xüsusən də Bakı kəndlərində və  regionlarda qızların təhsildən uzaqlaşdırılması problemi mövcuddur. Qızların ali təhsildən kənarda qalmasının əsas səbəbkarı isə onlar özləri olmurlar. Bu məsələdə əsas qərarı valideyn verir. Çox təəssüflər olsun ki, bəzən valideynlər hələ də “mən dediyim olmalıdır” deyərək qızlarının təhsilinin gələcəyinə dair qərar verirlər. Valideyn artıq dərk etməlidir ki, zaman o zaman deyil, indi XXI əsrdir.
Halbuki,  XIX əsrin əvvəllərində xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev qızların təhsil almalarının cəmiyyətə nə qədər böyük fayda verəcəyinin fərqində idi və gəncləri öz hesabına oxudurdu.

O qızların təhsilinə dəstək məqsədilə 1901-ci ildə Bakı şəhərində müsəlman Şərqində ilk qızlar məktəbi açaraq, kişi və qadın bərabərliyində mühüm addım atıb. Əfsuslar olsun ki, dövr dəyişməsinə baxmayaraq, hələ də qızlarımızın çoxu erkən yaşda ailələri tərəfindən təhsildən yayındırılır və zorla evləndirilir. Bununla da, valideynlər özlərini sanki borclarını yerinə yetirmiş hesab edirlər. Lakin onlar erkən nikahların sonradan bir sıra böyük fəsadlara yol açdığının fərqində deyillər. Bu fəsadlar isə məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərə qədər gətirib çıxarır. 
Ekspertlər problemin ən əsas həllini insanların maarifləndirilməsində görür. Hesab edirlər ki, maarifləndirmə işində yerli icra orqanları və digər təşkilatlar, hətta qeyri-hökumət təşkilatları da iştirak etməlidir.

Millət vəkili Fazil Mustafa isə qızların təhsilinə dəstək məqsədi ilə qızlar kolleclərinin açılmasını təklif edib. Təklifi bəziləri tərəfindən düzgün anlaşılmadığı üçün təkrar izah verməli olub və sosial şəbəkə hesabında bu fikirləri qeyd edib:                                                                                                            
"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam, oğlanlarla qızların bir yerdə oxumasını da normal qəbul edirəm. Lakin eyni zamanda təhsildən bu və ya digər səbəbdən uzaq salınmış qız uşaqları üçün xanım qızlar kolleclərinin açılmasını da alternativ variantlardan biri kimi təklif edirəm". Millət vəkili vurğulayır ki, ideyanın əsas hədəfi ölkəmizdə bu və ya digər səbəbdən orta təhsil almayan hansısa qız övladımızın qalmamasıdır. Həm də bütün hallarda dünyəvi təhsildən söhbət gedir. Bu qədər sadə". 
Yenə də deputatın təklifinə münasibət birmənalı olmayıb. Sosial şəbəkələrdə mövzunu müzakirə edən ictimaiyyət nümayəndələri ölkəmizdə ayrıca təhsil müəssisələrinin olmasına zərurət görmür. Qeyd ediblər ki,  Azərbaycan müasir, demokratik, dünyəvi və tolerant  ölkədir, burada qadın və kişilər arasında hansısa ayrı-seçkilikdən söhbət gedə bilməz.

Yazar Aysel Əlizadə isə  "Sherg.az"a açıqlamasında deyib ki, niyə də olmasın!? Qızlarmızı oxutmaq üçün bütün mümkün imkanlardan istifadə etməliyik:

''Doğrudur, yalnız qızlardan ibarət təhsil ocağının yaradılmasının nə dərəcədə uğurlu olacağı bəlli deyil. Lakin ölkədə bunun örnəkləri var. Çox ehtimal, Fazil bəy məsələyə mental tərəfdən yanaşır. Məsələn, bəzi atalar, qardaşlar, əmi və dayılar qızların oğlanlarla bir yerdə oxumasına pis baxdıqları üçün onların məktəbə getmələrinə icazə vermirlər. Bu zaman biz onların təhsil almaları üçün uyğun şərait yaratmalıyıq. Fikrimcə, övladını oxutmaq istəməyən valideyn hər bir halda buna imkan verməyəcək. Lakin təklif müəyyən qədər müsbət yöndə öz təsirini göstərəcək. Təhsil güclü olduqdan sonra, hər şey mümkündür. Ona görə də cəmiyyətdə təhsilə maraq yaratmalıyıq. Ailələrlə tək-tək danışıqlar aparılmalıdır. Azərbaycanda orta təhsil məcburi olsa da görünən odur ki, yetərincə nəticə vermir. Ona görə də yeri gəldikdə övladını təhsildən yayındıran bütün valideynlər məsuliyyətə cəlb olunmalıdır. Bütün gücümüzü qızlarımızın oxuması üçün sərf etməliyik. Çünki kişilər ən çətin yerlərdə işləyərək uşaqlarını saxlamaq iqtidarındadırlar. Lakin xanımların belə imkanı yoxdur. Təbii ki, bir çox ailələr imkan ucbatından uşaqlarını oxuda bilmirlər. Həmin ailələri də nəzərə almaq lazımdır. Ümumiyyətlə,ölkənin siyasəti xalqın öhdəsinə buraxılmamalıdır. Dövlət tərəfindən qızların təhsilə dəstəyi naminə kasıb ailələrə güzəştlər edilməli, vəsaitlər ayrılmalıdır. Dövlətin gələcəyi olan uşaqların maariflənməsi, intelektual səviyyəsi ata-anaya həvalə olunmamalıdır. Məhz, dövlət də bu kimi məsələləri tənzimləmək üçün yaradılıb. Təhsil arzusu ürəyində qalan uşaqlar xüsusi ilə qızlar insan cahilliyinin qurbanına çevrilməməlidir. Bundan sonra uşaqların taleyi ölkədə fəaliyyətdə olan qurumların əlindədir. Onlar öz öhdəliklərini layiqincə yerinə yetirməli və uşaqları xilas etməlidirlər. Ən önəmli siyasətlərdə biri də uşaqlarla bağlıdır. Yəni, övladımı böyüdükdən sonra adam edərəm deyilən bir anlayış yoxdur. Unutmamalıyıq ki, cəmiyyət uşaqlıqdan formalaşır və öyrədilir. Bu səbəbdən insana uşaqlıqdan ayrıca fərd kimi yanaşmalı və hörmət edilməlidir. Bax o zaman güclü cəmiyyət formalaşdırmaq mümkündür".

Təklifi dəyərləndirən təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, təklif real deyil:

''Qızların təhsilinə dəstək vermək üçün kollec yaratsaq, nə dəyişəcək? Bakı Qızlar Universitetində təhsil alanlar arasında sorğu aparsaq, 90 faizi əlacsızlıqdan buranı seçdiklərini deyəcəklər. Fikrimcə, bu istiqamətdə effektiv tədbirlərə ehtiyac var. Belə ki, aidiyyəti qurumlar rayonlara gedərək valideynlərlə danışıqlar aparmalı və problemin səbəbini tapmalıdırlar. Əks halda, kollec açmaqla valideynlərin qızların bura gətirəcəklərini düşünmək yersizdir. Unutmamalıyıq ki, artıq dövr dəyişib. Ən optimal çıxış yolu aydınların bu istiqamətdə tədqiqat aparanları Mərkəzi Aran rayonlarına, Cənub bölgəsində uşaqları erkən yaşda əmək fəaliyyətinə cəlb olunan digər bölgələrə yollamaq və əhalinin məsələyə münasibətini öyrənməkdir. Bundan əlavə sosial islahatlar aparmaq da olar. Məsələn, kollec və ali təhsil müəssisələrinə qəbul olmaq istəyən qız uşaqlarına təqaüd verilə bilər. Yəni kollec əvəzinə fond yaratmaq daha məqsədəuyğundur. Bununla onların illik təhsil haqlarına kömək etmək mümkündür. Həmçinin, xarici ölkələrdən örnək təhsil proqramlarının müsbət tərəflərini ölkəmizdə tətbiq edə bilərik. Amma burada mütləq yaşadığımız ölkənin, bölgələrin düşüncəsini, yaşam tərzini, mentalitetini göz önündə saxlamalıyıq".

Bu sahədə araşdırmalar aparan sosioloq Əhməd Qəşəmoğlu isə söyləyib ki, valideynlər qızlarının təhsildən yayınmasının əsas səbəbini maddi imkanın zəifliyi ilə əlaqələndirirlər:

''Əlavə olaraq, rayondan oxumaq üçün şəhərə  gələn qızlar bəzi xoş olmayan niyyətli "şəxslər" tərəfindən aldadılır. Ona görə də valideynlər qorxurlar. Bu səbəbdən hər bir rayonda çoxlu iş yerləri açılmalıdır. Orta təhsilli qızlar yeni iş yerlərinə cəlb olunsa, o zaman valideynlər qızlarını oxutmağa maraqlı olacaqlar. Bəzi valideynlər qızlarını təhsil aldıqdan sonra işlə təmin edə bilməyəcəklərini düşünürlər. Çünki rayonlarda iş yerləri azlıq təşkil edir. Problemi aradan qaldırmaq üçün isə ciddi sosioloji araşdırmalar, layihələr lazımdır. Təhsil tələb edən kifayət qədər iş yeri olduqda valideyn özü könüllü şəkildə yalvararaq qızını oxudacaq. Bir sözlə, məsələyə yanaşmanı inkişaf etdirərək dəyişmək lazımdır. Təhsil millətin gələcəyidir. Qadınların isə təhsil alması çox vacibdir. Çünki oxumaqla peşə sahibi olan qadın ərindən, heç kəsdən asılı olmayaraq ehtiyacını ödəyə biləcək. Bu sayədə həyatına ən pis vəziyyətdə belə davam edə bilər. Həmçinin, oxmuş qadınların həyata baxışı daha geniş və sağlam olur. Onlar da övladlarına ən yaxşı təhsili vermək üçün əlindən gələni edəcəklər. Qızlarımızı oxutsaq, onlar çox güclü olarlar və biri tərəfindən qorunmağa gərək duymazlar.Ona görə də əlimizdən gələnin ən yaxşısını etməliyik. Qızları ər yox, elm ocağına göndərməliyik. Bəzi insanların qadınların təhsil almalarına pis baxması təəssüfləndirici haldır. Ancaq fikrimcə, hər kəs gender bərabərliyinə riayət etməlidir. Uşağı oxutmaqla onun təminatlı gələcəyini quraraq sığortalamaq mümkündür. Bütün bunlara baxmayaraq, Azərbaycanda uşaqların təhsilinə göstərilən maraq elə də zəif deyil. Övladının ali təhsil alması üçün əlindən gələni əsirgəməyən valideynlər də var. Hətta, bəziləri az qala aylıq gəlirinin yarısını uşaqlarının hazırlıq xərclərinə sərf edirlər ".

Nəzrin Lalayeva

Yazı “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur”