Azərbaycan və Çin ticarət-investisiya prosedurlarından danışıb

Azərbaycan və Çin ticarət və investisiya prosedurlarının liberallaşdırılması və sadələşdirilməsi üçün institusional mexanizmin yaradılması imkanlarını fəal şəkildə araşdırmağa hazırdır.
"Sherg.az" xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.
Bildirilir ki, tərəflər ÜTT-nin himayəsi altında çoxtərəfli ticarət sisteminə güclü dəstəyi təsdiqləyirlər. Çin tərəfi Azərbaycanın beynəlxalq çoxtərəfli ticarət sisteminin inkişafı və əməkdaşlığında fəal iştirakını, eləcə də Azərbaycanın ÜTT-yə daxil olma prosesi çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəkləyir.
Həmçinin, Azərbaycan və Çin ticarət-iqtisadi sahədə hüquqi bazanın təkmilləşdirilməsini müzakirə etməyə hazırdır.
Qeyd edək ki, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon ABŞ dollarına çatıb, Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib.
Ötən ilin nəticələrinə görə, Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaş olub. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları idisə, 2023-cü ildə 3,1 milyard ABŞ dollarını ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard ABŞ dollar və ya 44 % çoxdur.