Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix bəlli olub. Bu haqda ShimalNews 7 may tarixində məlumat verir.
“Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq”, – idarənin(QMİ) sədrinin müavini Fuad Nurullayev bildirib.
Məhərrəm ayından sonra başlayan Səfər ayı avqustun 7-nə təsadüf edəcək.
Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələrə start verilib.
İlahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, İslam dinində "matəm günü", " matəm ayı" deyilən bir anlayış yoxdur:
''Bu sadəcə olaraq, adətlərlə bağlıdır. Ümumiyyətlə, peyğəmbərin ənənəsində mahərrəmlik ayının matəm ayı kimi qeyd edilməsi və xeyir işlər görməmək qadağası yoxdur. Şübhəsiz ki, böyük faciə baş verib. Peyğəmbər "Əhl-i Beyt"-nə qarşı həmin dövrün Ərəb xəlifəsi tərəfindən soyqırım törədilib. Bu baxımdan həmin tarix İslam aləmi tərəfindən hüznlə qeyd edilir. Bu bütün dünya müsəlmanlarında qarşı şəhadət rəmzi kimi qəbul edilir. Təbii ki, həmin hadisədən böyük örnək götürülür. Kərbala şəhadətində Müsəlmanlar üçün qəhrəmanlıq, paklıq, saflıq nümunəsi var. Ancaq bəzi bölgələrdə məhərrəmlik ayı xurafatlarla, mövhümatlarla, baş yarmaq, zəncir vurmaqla keçirilir. Bu da müsəlmanlar və qeyri-müsəlmanlar tərəfindən tənqidə tuş gəlir. Bütün hərkəs yaxınının hətta, şəhidlərin il dönümünü hüznlə qeyd edir və şənlikləri təxirə salır. Yəni, insanların hörmət, ehtiram adət-ənənəsi var''.
T.İrfan vurğulayıb ki, bu prosses min ildən çoxdur formalaşıb:
''Qəbul edib-etməsək də, İslamda olub-olmasa da məhərrəmlik bu formada qeyd olunur. Ona görə hörmət əlaməti olaraq yaxşı olardı ki, aşura günündə toy və şənlik mərasimləri salınmasın. Lakin şənlik keçirilmədən nikah bağlana bilər. Fikrimcə,məhərrəmlikdə yas saxlayanlara məhəl qoymadan toy etmək hörmətsizlikdir. Dinimizdə başqalarının inanclarına hörmətlə yanaşmaq buyurulur".