İyulun 2-də Azərbaycan Polisi yaranmasının 106-cı ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb. Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
Polislərin xalqın güvən yeri olduğunu deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında Azərbaycan polisinin əhəmiyyətindən danışıb:
''Azərbaycanda Daxili İşlər naziri Vilayət Eyvazov vəzifəyə öz hesabına gələnlərdəndir. Yəni, arxasında heç bir kəs olmayıb. Təbii ki, cəmiyyətdə olduğu kimi polislərin içərisində də pisləri ola bilər. Məsələn, bəzi polislər evlərə basqın edirlər, vətandaşlarla etik davranmırlar. Unutmamalıyıq ki, bütün insanlar bir-biri kimi deyil. Hüquq müdafiəçisi olaraq, polislərlə tez-tez bir yerdə əməkdaşlıq edirik. Onlar narkotik məsələsində çox uğurlu addımlar atıblar. Xarici ölkədən Azərbaycana narkotikin keçirilməsinə heç cür icazə vermirlər. Mediada daim İrandan və başqa ölkələrdən narkokuryerlərin tutulduğuna dair xəbərlər təqdim edilir. Bu isə polislərin sayəsindədir. Onların əksəriyyəti müharibə dövründə canlarını qurban veriblər. Təbii ki, peşələrindən qaynaqlanan kobud üzləri də olur. Lakin ölkədə bir vətəndaş olaraq sərbəst yaşayırıqsa, hamısı polislərin hesabınadır. Dünyada bir çox dəhşətli hadisələr baş verir. Ona görə də polislərin rolu çox böyükdür. Onlar təğribatların qarşısını layiqincə alırlar. Belə bir vaxtda polislər ölkədəki stabilliyi qoruyurlarsa, onlara əhsən düşür".