Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir

İqtisadçı ekspert Samir Əliyev sosial media hesabında  ƏDV-nin geri alınması ilə bağlı yaradılmış saxta veb-səhifə barədə xəbərdarlıq edib.

Sherg.az bildirir ki, ekspert vətəndaşları “Son bir ildə toplanmış ƏDV-lərinizi 2 dəqiqədə kartınıza atın” kimi paylaşımlara inanmamağı tövsiyyə edib:
 “Qeyd etdiyim başlıqlı reklam paylaşımı  “facebook”-da qarşıma çıxdı və yoxlamağa qərara gəldim. Bilirdim ki, fırıldaqçılardır. Mövzu diqqət çəkən olduğundan fikirləşdim xeyli adam tora düşə bilər. Reklam mətnində EDVGERİAL.AZ portalına giriş olduğu qeyd edilir, ancaq linkə daxil olanda https://edv-kocur.com-a yönləndirilir. Sizdən FİN kodun yazıması istənilir. FİN kodu yazdıqdan sonra yeni səhifə açılır və kart məlumatlarının yazılması istənilir. Daha sonra da əməliyyatın davamı üçün kartın təhlükəsizlik kodu,  CVC rəqəmi tələb olunur. Hətta utanmazcasına kartın balansının yazılması təklif edilir. 
Əminəm ki, bu reklam çoxlarının qarşısına çıxıb. Sadəcə xəbərdarlıq edirəm ki, dostlarımız diqqətli olsunlar, kart məlumatlarını heç yerə yazmasınlar.  Bu reklam qarşılarına çıxsa sadəcə REPORT etsinlər. Dövlət Vergi Xidməti isə yaxşı olardı sosial şəbəkələrdə paralel olaraq belə reklamların da monitorinqini aparsın və operativ olaraq əhalini məlumtlandırsın”.