Sürücü qapını açmadığı üçün qadın sərnişin avtobusun önünü kəsib.
Ölkəmizdə bu kimi hallarla tez-tez rastlaşırıq. Bəs bu zaman nə edilməlidir? Sürücünün qapını açmamaq kimi haqqı varmı? Özbaşınalıqdan mı irəli gəlir bu kimi hadisələr?
Mövzuya münasibət bildiriən nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a söyləyib ki, sərnişinlər avtobusa ön qapıdan minir, arxa qapıdan isə düşür:
“Bu qayda tək Azərbaycanda deyil, dünyanın hər yerində eynidir. Ön qapıdan minərək ödəniş edilməlidir. Əgər sərnişin arxa qapıdan düşmək istəyib, sürücü qapını açmırsa, o zaman sürücü cəzalandırılmalıdır. Ölkəmizin vətəndaşları bu qaydaları bilməlidir. Sərnişin ön qapıdan və ya dayanacaq üçün nəzərdə tutulmayan yerdə düşmək istəyirsə, burada sərnişin günahkardır. Əgər sürücü dayanacaqda saxlamırsa, bu zaman sərnişin avtobusun nömrəsini götürərək ictimaiyyətə və AYNA-ya məlumat verməlidir. Avtobusun önünü kəsən insanın psixoloji durumu yoxlanılmalıdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə bildirib ki, avtobus dolu və ya nasaz vəziyyətdə olması da mümkündür:
“Əgər bu hallar istisnadırsa, sürücü qapını açmalıdır və sərnişin avtobusa minməlidir. Qadının avtobusun önünü kəsməsi hüquqi hərəkət deyil. O qaynar xəttə və ya hüquqi işə baxanlarla əlaqə saxlayıb müvafiq addımlar atılmalı idi”.