Ekoloq: Tozlu havada qoruyucu maskalardan istifadə etmək lazımdır

"Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur".
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır:
"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir".


Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, hazırda çox da tozlu hava müşahidə olunmur:  

“Bakı şəhərinin ətrafında və yaxınlıqda çoxlu daş mədənləri var. Küləkli havalarda isə buradakı toz şəhərin üzərinə qalxır və hər yerə yayılır.  Eyni zamanda şəhərin içərisində aparılan söküntü, binaların üzünün təmizlənməsi və tikinti yerlərindən  qalxan toz son günlər davam edən küləkli hava ilə hər yana yayılır. Digər tərəfdən isə bəzən Afrika səhralarından, İrandan və Türkmənistandan şərq küləkləri vasitəsilə ölkəmizə toz kütlələri daxil olur.  Belə tozlu hava görmə məsafəsini belə zəiflədir. İnsan orqanizminə ziyanı isə şübhəsizdir. Çirkli, tozlu hava birbaşa ağ ciyərlərimiz vasitəsilə vücudumuza daxil olur.  Belə havalarda çalışıb qoruyucu maskalardan istifadə etmək lazımdır”.