İddialar var ki, Bakı-Quba ödənişli yolunda qiymətlər yüksəkdir. Bu yoldan istifadə imkan cəhətdən sərf etmədiyi üçün çox az insan tərəfindən istifadə olunur. Sual yaranır ki, bu nə dərəcədə həqiqəti əks etdirir. Həmin yoldan istifadə edilməsi üçün qiymətlərin aşağı endirilməsi mümkündürmü? Yaxud da hansı güzəştlər tətbiq edilə bilər?
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakı-Quba yolu dünya təcrübəsində tətbiq edilən mexanizmə uyğun şəkildə ödənişli yol olaraq yaradılıb:
“Ödənişli yolun alternativi kimi ödənişsiz yol da öz yerində qalır. Vətəndaşlar istədiyi vaxt ödənişsiz yoldan rahat şəkildə istifadə edə bilirlər. Təmir edilib, normal vəziyyətə gətirilib, çatışmazlıqlar olan ərazidə də bütün işlər görülür. Heç kəsi ödənişli yoldan istifadəyə məcbur etmirlər. Bakı-Quba yolunda qiymətin baha olması iddiaları var. Lakin açıqlama verildi ki, tələbat aşağıdırsa, qiymətlər azala, tələbat yuxarıdırsa, arta bilər. Görünür ki, vəziyyət faciəli şəkildə deyil. Ona görə də qiyməti ucuzlaşdırmırlar. Düşünürəm ki, yaxın vaxtlarda qiymətin dəyişəcəyini gözləmək lazım deyil. Hazırda həmin yoldan kifayət qədər istifadə edənlər var. Lakin təəssüflər olsun ki, qayda poza-poza istifadə edilər. Bu isə ciddi şəkildə risklidir. Hesab edirəm ki, hər hansı formada güclü nəzarətə ehtiyyac var. Ümid edirəm ki, sürücülər mənzil başına tez çatmaq üçün özlərini ölümə məhkum etməyəcəklər. Çünki hazırda həmin yolda bu cür problemlər görünməkdədir”.