Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.
Qeyd olunub ki, ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün sağlamlıq haqqında arayışların əldə olunmasına dair tibb müəssisələrinə müraciət sayında kəskin artım müşahidə olunur.
"Artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub", - deyə məlumatda bildirilib.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, elektron sistemlərin işləməməsi, durğunluğu hətta bank sistemlərində belə müşahidə edilir:
“Texniki problemlər hər yerdə olur. Hətta sistemin işləməməsinə görə hava limanlarında təyyarələr də gecikir. Bunların hər biri problemdir. Lakin hadisənin səbəbi araşdırılmalıdır. Bilinməlidir ki, proqramın nöqsanıdır yoxsa, suni sürətdə yaradılan əngəldir. Əsas odur ki, sistem normal tərzdə çalışsın. Yəni növbəli sistem yaxşı olsun və İcbari Tibbi Sığorta (İTS) mexanizmləri düzgün işləsin”.