Ovlanma haqqında doğru-dürüst qanunumuz yoxdur -Ekoloqdan sərt reaksiya

Kəlbəcərdə ölmüş heyvanların sosial şəbəkələrdə yayılmış görüntüləri ilə bağlı araşdırma başlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başladılıb:

"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaq".

Həmçinin, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov "Report"a bildirib ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.


Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, dağ keçilərinin ovlanması üzücü haldır:

“Hökumətimiz bu barədə düşünməlidir. Kəlbəcər və digər ərazilərdə müharibə dövründə ekosistem həm vəhşi təbiətin xeyrinə, həm də zərərinə dəyişib. Xeyrinə odur ki, insanlar həmin ərazidə çox yaşamırdılar və vəhşi təbiət azad idi. Ümumiyyətlə insanlar vəhşi təbiətlə düzgün davransalar mənfi hadisələr olmaz. Qırmızı kitaba düşmüş keçilərin və digər heyvanların ovlanması isə qadağandır. Çox vaxt məmurlarımız bu hallara göz yumuraq icazə verirlər. Digər tərəfdəndə ovlanma haqqında doğru, dürüst qanunumuz yoxdur. Yəni hansı heyvanların nə vaxt ovlana biləcəyi bilinmir. Hətta bir zamanlar ərəblər və Amerikanın bəzi insanları, səfirləri bizim dağlarımıza keçib vəhşi qoyun, dağ keçisi və ayıları ovlayırdılar".

Ekoloq qeyd etdi ki, ovlanmaya ciddi nəzarət və kvota ilə  icazə vermək lazımdır:
"Artıq Xızı və Şamaxı ərazilərində Kəklik qalmayıb. Çünki nsanlar tərəfindən vəhşicəsinə ovlandılar. Həmçinin qırmızı kitaba baxan da yoxdur. Bu səbəblə də Azərbaycanda bir çox quşların, heyvanların və həşəratların kökü kəsilməkdədir. Bunun qarşısı alınmalıdır.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə düşünməlidir. Eyni zamanda professional ovçularla nəyi?, nə vaxt? ovlamaq lazım olduğunu  müzakirə etmək lazımdır”.