Hədəfi 1 milyon qazanmaqdır: Çörəyini dənizin dibindən çıxarır

Antalyada yaşayan avtobus və yük maşını sürücüsü Erhan Uludağ Covid-19 pandemiyası zamanı işsiz qalıb. O, bu günlərdə dənizdən tullantı metalları çıxararaq çörək pulu qazanmağa başlayıb. 

"Şərq" xəbər verir ki, 4 uşaq atası olan Erhan Uludağ Antalyanın Konyaaltı çimərliyində çimərkən dənizin dibində metallar görüb və bu vəziyyəti fürsətə çevirərək metal toplamağa başlayıb.
Üzgəcləri və gözlükləri ilə suya dalaraq, dənizdən çıxardığı metalları təkrar emala yönəldərək ailəsinə böyük töhfə verən Uludağ, indi də Alanya çimərliklərində eyni işi görərək ailəsinə gəlir gətirməyə davam edir. O, təxminən 4 ildir Antalyanın bir çox çimərliklərində metal axtarır.


İndiyə qədər 180 ton metal tullantıları toplayan Uludağ, bu il 100 ton metal toplayaraq 1 milyon TL qazanc əldə etməklə hədəfini daha da yüksəltməyi çalışır.
“Pandemiya dövründə suya dalış edərkən dənizdə metalların olduğunu gördüm. Mən 4 ilə yaxındır ki, metallar çıxarıram. Bu mövsüm Antalya bölgəsində 56 ton metal tullantıları çıxartdım. Alanya sahillərində dənizin dibi acınacaqlıdır, həddindən artıq miqdarda tullantı var. İndiyə qədər Alanyada təxminən 4 ton metal hasil etmişəm və bu işi davam etdirirəm. Sahil xətti tamamilə metal tullantıları ilə doludur”. 
Alanya sahilindəki metal tullantılarının hökumət tərəfindən təmizlənməsi lazım olduğunu bildirən Uludağ, “Mən bacardığımı çıxarıram. Gündəlik dənizdən 350-400 kiloqrama qədər metal tullantıları çıxara bilirəm. Alanyanın bir çox sahil bölgəsində dənizin altı həqiqətən də dəhşətlidir. Mümkün qədər tez yığışdırılmalıdır”- deyə bildirib.
Körfəzlərdən qopan parçaların dənizi çirkləndirdiyini ifadə edən Uludağ əlavə edir: “Mən bacardığım qədər çıxarıram, amma bu, sosial məsuliyyət layihəsi çərçivəsində başlatdığım bir hadisədir. Təxminən 4 ildir ki, mən dənizdən 180 ton tullantı metalı çıxarmışam və hələ də bunu davam etdirirəm”. 

Bu il hədəfinin 100 ton metal tullantısı çıxarmaq olduğunu bildirən Uludağ bu tullantılardan 1 milyon lirə gəlir əldə etməyi hədəfləyir: “Mən indiyədək mövsüm boyu təxminən 60 ton metal tullantısını çıxarmışam. Təxminən 4 ildir ki, Antalya bölgəsində sahil zolağını metal tullantılardan təmizləyirəm. Mən buradan dövlət orqanlarımıza səslənirəm. Bu günə kimi heç kim mənə zəng edib “səninlə bir iş görək” deməyib. Dənizdə inanılmaz miqdarda metal tullantıları var və bunlar insan sağlamlığına zərər verir. İstəyirəm ki, səlahiyyətli şəxslər mənimlə əlaqə saxlasınlar və bununla bağlı iş görsünlər”.