Sosial şəbəkə səhifələrində VAZ-21214 markalı avtomobilin azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, videogörüntü ilə əlaqədar aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Binəqədi rayonunda qeydə alındığı və VAZ-21214 markalı, 77-HC-505 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini M.Əhmədovun idarə etdiyi müəyyən edilib.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin sahibi T.Əhmədov və M.Əhmədov barəsində inzibati tənbeh tədbiri görülüb.
Məsələni dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli isə “Sherg.az”a açıqlamasında deyib ki, azyaşlılara valideynləri tərəfindən nəqliyyat vasitəsininin verilməsi qanuna uyğun olmayan hərəkətdir:
“Nəqliyyat vasitəsini idarə etmək və sürücülük vəsiqəsi almaq üçün yaş məhdudiyyəti var. Həmin yaş məhdudiyyəti boş yerə tətbiq edilməyib. Bunun üçün müvafiq cərimə və cəza tətbiqləri mövcuddur. Hesab edirəm ki, reydlər zamanı belə hal aşkarlanırsa, qarşısı mütləq şəkildə alınmalıdır. Vətəndaşlarımız da özünə nəzarət mexanizminə işə salmalıdır. Əgər vətəndaşlar azyaşlının nəqliyyat vasitəsi idarə etdiyini görürsə, uşağın valideyninə və Dövlət Yol Polisinin qaynar xəttinə məlumat verməlidir”.
Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, elə qaydalar var ki, məsuliyyətdən kənara çıxmaq olmaz:
“Hər bir valideyn azyaşlı uşağına nəqliyyat vasitəsini idarə etməyi öyrətmək və yaxud onlar üçün müəyyən stimul verici addım atmaq istəyir. Lakin bu qayda pozuntusu ilə nəticələnərsə, cəmiyyətə və uşağın ömürlük travma almasına da səbəb ola bilər. Uşaqları riskə atacaq və yaxud nəzarətsiz qoyacaq addım atılmamalıdır. Bunların fəsadları ağır ola və insan faciəsi ilə nəticələnə bilər. Uşaq azyaşlı olan zaman valideyn maşın sürməyi öyrətmək istəyirsə, insanlardan və yaşayış məkanlarından uzaq yerlərdə etmək lazımdır. Əgər bunları etmirsə, müəyyən kurslara apara və təlimlə məşqlər keçirilə bilər”.