Küçələrdə bu qədər dilənçilərin olması pis göstəricidir - SOSİOLOQ

Əgər kefindən küçədə dilənməyi özünə bir iş bilirsə, həmin şəxslərə qarşı müəyyən tədbirlər görülməlidir
 
Son vaxtlar paytaxt Bakıda dilənçilərin, qaraçıların sayı artıb. Metro giriş-çıxışlarında, keçidlərdə özlərinə “məskən” salan bu şəxslər insanların mərhəmət duyğusundan istifadə edir. Sosial şəbəkələrdə qeyd olunur ki, onların bəziləri hətta vətəndaşlara qarşı soyğunçuluqdan, qadınlara hücum etməkdən də çəkinmirlər. 


Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a deyib ki, məhlədə və ya hər hansısa, ərazidə olan dilənçilərə yerli İcra Hakimiyyəti tərəfindən nəzarət olunmalıdır:

“Dilənçiləri küçədə görərkən dərhal cəza tətbiq etmək lazım deyil. Bunlara polis nəzarət etsə, daha yaxşı olar. Aydınlaşdırmaq lazımdır ki, doğurdanmı ehtiyacı olduğu üçün dilənir. Əgər ehtiyacı varsa, həmin şəxsə Sosial Müdafiə Fondu kömək etməlidir. Ancaq əksinə olarsa, yəni fırıldaqçıdırsa, təbii ki, cəzalandırmaq lazımdır. Lakin çalışmaq lazımdır ki, şəhərdə dilənçi sayı çox olmasın. Şəxsən özüm başqa ölkələrdə olmuşam. Küçədə bu qədər dilənçilərin olması pis göstəricidir. Çünki bu o deməkdir ki, ölkədə güzəranı ağır vəziyyətdə olan insanlar çoxdur. Həqiqətən də imkanı az, güzəranı ağır olan insanlar çoxdursa, dəstək edilməlidir. Kefindən küçədə dilənməyi özünə bir iş bilirsə, həmin şəxslərə qarşı müəyyən tədbirlər görülməlidir. Çalışmalıyıq ki, Azərbaycan küçələrində dilənçilər olmasın. Ümumiyyətlə küçədəki dilənçiləri polis şöbəyə aparmalı və yaşam vəziyyətini dəqiq şəkildə öyrənməlidir”.