Siqaret və alkaqol stressi azaldır? -AÇIQLAMA

Bu gün dünyanın mübarizə apardığı problemlərdən biri də stressdir. Stress uşaqdan tutmuş böyüyə kimi hamıya asanlıqla təsir edə bilir. İnsanı insanlıqdan çıxaran hadisələrin baş verməsinin əsas səbəbi də elə stressdir. Kriminal hadisələr, qətllər, özünəqəsdlər, ailə münaqişələri, müxtəlif xəstəliklər - bunların hamısının kökündə stress durur. Bir çox insanlar alkoqolun və siqaretin həqiqətən stresi müalicə etdiyinə inanırlar. 
Doğrudanmı,alkaqol və siqaret stresi aradan qaldırır? Ümumiyyətlə, stressi azaltmaq üçün hansı üsullardan istifadə edə bilərik?

Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, alkoqol və siqaretin stresi müalicə etdiyinə dair inam geniş yayılıb, lakin bu yanlış düşüncədir:

''Alkoqol və nikotin bəzən qısa müddətə rahatlama hissi yarada bilər. Ancaq uzunmüddətli istifadə daha çox stress və narahatlığa səbəb olur. Həmçinin alkoqol beyin kimyasını dəyişərək depressiyaya və əsəb pozulmalarına gətirib çıxara bilər. Siqaret isə nikotin asılılığı yaratdığı üçün nikotin çatışmazlığı zamanı insan daha çox gərginlik hiss edir. Bu maddələrin qısamüddətli "rahatlama" verməsi sadəcə təxirəsalınmış, həqiqi stressi dərinləşdirən təsirdir. Stresslə effektiv mübarizə aparmaq üçün bir neçə elmi əsaslı üsullar mövcuddur. Məsələn, mütəmadi olaraq idmanla məşğul olmaq endorfin ifrazını artırır və stressi azaldır. Şüurlu şəkildə nəfəs alma və meditasiya da stress səviyyələrini dərhal kiçildir. Əlavə olaraq ailə və dostlarla ünsiyyət stressin idarə edilməsində vacib rol oynayır. Yetərli miqdarda və keyfiyyətli yuxu almaq bədənin stresslə mübarizə qabiliyyətini gücləndirir.  Stressin səbəblərini anlamaq və ona qarşı effektiv strategiyalar yaratmaq üçün psixoloji yardım almaq faydalıdır. Bir sözlə, qeyd etdiyim üsullar insanın uzunmüddətli rifahına daha müsbət təsir göstərir və asılılıq yaratmır''.