Bir müddət öncə səkidə avtomobillərin parklanmasının cərimə məbləği 60 manata qaldırılıb və əlavə olaraq iki bal da cərimə tətbiq edilib.
Lakin buna baxmayaraq, hələ də səkidə avtomobillərini park edən sürücülərə rast gəlmək olur. Bu da piyadaların hərəkəti üçün çətinlik yaradır.
Nəqliyyat eksperti İlqar Hüseynli “Sherg.az”a söyləyib ki, Bakıda parklanma ilə bağlı vəziyyət olduqca qarışıqdır:
''Cərimə məbləğləri artırılmasına baxmayaraq, bəzən sürücülər heç parklanma məntəqələrində də yer tapa bilmirlər. Hətta yerlərin boşalması üçün saatlarla gözləməli olurlar. Bu halda vətəndaşların səbirləri tükənir və məcburən piyadalara görə nəzərdə tutulan ərazidə sıxlıq yaradırlar. Parklanma edənlərin isə çoxusu yeni cərimələrdən xəbərsiz şəxslərdir. Bir çox halda qanun pozuntusuna yol verənlərin əksəriyyəti gənclər olur. Əslində səkini daraltmaq, piyadanın gəliş-gedişinə mane törətmək doğru deyil. Bu birmənalı şəkildə qayda pozuntusudur. Lakin qeyd etdiyim kimi, bəzən parkinq yerləri boş olmadığı üçün sürücülər həmin üsuldan istifadə edirlər. Bu baxımdan yol hərəkəti iştirakçılarının durumu kritik həddədir. Fikrimcə, problemi həll etmək üçün alternativ tədbirlər görülməlidir".