Bu evlərin aqibəti növbəti mərhələyə qalacaq -Əmlak eksperti

Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikən şəxslərin çıxarış problemi vətəndaşları narahat edən mövzulardan biridir.
Bu kimi hallarda isə vətəndaşlara torpağın təyinatının dəyişdirilməsi tövsiyə olunur. 
Bəs vətəndaşlar bunun üçün nə etməlidirlər?

Sualımızı cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Sherg.az”a deyib ki, bir vaxtlar bələdiyyələr böyük şəhərlərin, əsasən də Bakı şəhərinin ətrafında olan sovxoz- kolxoz və digər təyinatlı əraziləri satmağa başladılar:

''Onlar düşünürdülər ki, bu torpaqların təyinatı gələcəkdə dəyişəcək. Lakin həmin torpaqların təyinatı Bakı şəhər planlamasına uyğun olaraq avtomatik həyata keçmədi. İndik vəziyyətdə bu kimi tikililərə dövlət proqramı təsdiq olunmazsa, çıxış yolu həmin torpaqların təyinatının dəyişməsidir. Lakin torpağın təyinatı dəyişsə belə, tikilinin tanınmasında da başqa problem yaradır. Yəni, öncə, torpağın təyinatı ona uyğun gəlməli, daha sonra, layihəyə uyğun ev tikilməlidir. İndiki vaxtda vətəndaşların tək-tək Nazirlər Kabinetinə və yaxud digər qurumlara müraciəti cavabsız qalacaq. Bu halda da vətəndaş öz haqqını tələb etmək üçün məhkəməyə üz tutacaq. Ancaq bunun nə dərəcədə doğru olması sual altındadır. Çünki 400-500 min əhali məhkəməyə getsə belə, prosses illər boyu davam edə bilər. Bu kimi məsələlərdə daha düzgün çıxış yolu ümumi yanaşma- amnistyadır. Bununla bağlı isə Əmlak Məsələləri Üzrə Dövlət Xidməti və Ədliyyə Nazirliyi tərəfindən birgə iş aparılır. Xatırlayırsınızsa iki təşkilat arasında konsepsiyası ilə bağlı ilk brifinq 2023-cü il 30 yanvar tarixində keçirilib''.

Ekspert vurğulayıb ki, gələcəkdə sayt üzərindən bütün daşınmaz əmlak məsələlərinin icra olumması üçün şərait yaradılacaq:
''Lakin hələ hüquqi baza formalaşmalıdır. Çünki heç bir sənədi olmayan şəxsin müraciətində əsas yoxdur. Əlavə olaraq bu ən azından əlində kənd təsərrüfatı təyinatlı sənədi olan adamlara şamil olunacaq. Ümumiyyətlə, heç bir sənədi olmayan kənd təsərrüfatı torpaqlarının üzərində tikilmiş evlərin isə aqibəti növbəti mərhələyə qalacaq".