Hər il yeni tədris ilində tələbə və müəllim heyəti arasında təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələlər gündəmə gəlir.
Ötən gün Tibb Universitetinin müəllimlərindən biri sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Buna səbəb onun öz şəxsi "Instagram" hesabında xanım tələbələrdən birinin geyimi ilə bağlı etdiyi paylaşım olub.Həmin paylaşımdan sonra vətəndaşların fikirləri iki yerə ayrılıb. Bir qisim təhsilin geyimlə ölçülməməli olduğunu və müəllimlərin tələbələrə biliyinə görə qiymət verməli olduğunu iddia edərkən, digər qisim isə hər bir tələbənin təhsil ocağında mütləq şəkildə geyiminə fikir verməli olduğunu qeyd edib.
Oxu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib.
G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb:
"Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır". Eyni zamanda, Günel Aslanova vurğulayıb ki, bundan sonra da daxili nizam-intizam qaydalarına hər kəsin riayət etməsinə rəhbərlik tərəfindən nəzarət ediləcək.
Məsələni dəyərləndirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, müəllimənin yanaşması doğru, lakin bunu instaqram hesabında paylaşması yanlışdır:
''İstər orta məktəblərdə, istərsə də ali təhsil müəsisələrində hər bir müəllim şagird və tələbələrin geyiminə, davranışına reaksiya verə bilər. Amma həmin müəllimin bunu öz hesabında paylaşaraq ictimailləşdirməsi düzgün addım deyil. Yəni müəllimin "Dekoltelər, yarım qarış yupkalarınızı gecə klublarında geyinin" deyərək qızın fotosunun paylaşılmağa haqqı yoxdur. Bəlkə, o tərzdə geyinən qız heç gecə klublarına getmir. Bir sözlə, müəllimin özünü ifadə etmə tərzi təmamən səhvdir. Ancaq müəllim olsam, mən də tələbələrimin geyiminə münasibət bildirərəm. Doğrudur, fotodakı qızların geyimi normadan kənardır. Fikrimcə, insanın geyimi xarakterini yansıdır. Təbii ki, qısa və açıq geyinənlər əxlaqsız deyillər. Lakin hər kəs geyiminə fikir versə, daha məqsədəuyğun olar. Bir neçə il öncə Naxçıvan Dövlət və özəl universitetlərdə vahid geyim forması təşkil olundu. Lakin həmin qayda günümüzdə ləğv edilib. Bu maddi baxımdan da təqdirəlayiq qərar idi. Yəni, bahalı gözəl geyinənlər paltar almağa gücü çatmayanlara pis baxmırdılar. Bu dərs prossesinə də müsbət təsir edirdi. Unutmamalıyıq ki, hər bir universitetinin öz daxili qanunları var. İnsanın cəmiyyət içində davranışı, saqqız çeynəmək, yüksək səslə gülmək yazılmamış qanunlara aiddir. Bunları daxilimizdə həll edib cəmiyyətimizi gözəl gələcəyə aparmalıyıq".