Yüksək patogen quş qripi səbəbindən Azərbaycanın bir çox ölkələrə qoyduğu idxal məhdudiyyəti aradan qaldırılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb
Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Tunis vilayətində və Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində və Danimarka Krallığının Şimali Yutlandiya regionunda Nyukasl, Nepal Federativ Demokratik Respublikasının Karnali, Baqmati əyalətlərində, Seneqal Respublikasının Ties regionunda, Albaniya Respublikasının Korça, Fier vilayətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bu siyahıya, həmçinin Boliviya Çoxmillətli Dövlətinın Koçabamba inzibati ərazi vahidi, Çilinin Libertador Qeneral Bernardo O"Hiqqins regionu, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidi, Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko və Ayova ştatları daxildir.
Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Azərbaycanda həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, Azərbaycanın adı çəkilən ölkələrlə böyük idxal əlaqələri yoxdur:
"Yəni, ölkəmizin quşçuluq məhsulları bazarında həmin ölkələrin ciddi payı mövcud deyil. Ona görə də məhdudiyyətin aradan qaldırılması simvolik xarakterlidir. Bir sözlə, qərarın bazara heç bir təsiri olmayacaq. Quşçuluq məhsullarının qiyməti bazar şərtlərinə uyğun formalaşır. İndiki dövrdə toyuq məhsullarının qiymətlərin bir qədər çoxalması Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Adətən, idxalçılar Ukraynadan ucuz quş əti gətirirdilər. İndi isə həmin kanal bağlanıb. Bu baxımdan indiki qiymətlər normaya uyğundur. Ümumiyyətlə, rəqabət əsasında formalaşan bazar qiymətləri hər zaman ədalətli olur. Həmçinin, toyuq məhsullarına da təlabat çoxdur. Bu səbəbdən qiymətləri münasib hesab etmək olar".