Bağçalarda müəllim səhlənkarlığını tez-tez müşahidə edirik -SOSİOLOQDAN REAKSİYA

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə uşaq bağçasında dünyasını dəyişib. Azyaşlının ürək problemi səbəbindən həyatını itirdiyi barədə məlumatlar yayılıb. Hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib. Bundan əlavə, uşağın ürəyində hər hansı problem olmayıb.
Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb. Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. Hətta uşağın həyatını itirməsi ilə bağlı xəbəri belə bağça rəhbərliyi deyil, valideynlərdən biri mərhumun ailəsinə çatdırıb. Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı araşdırma aparılır.

Sosioloq Lalə Mehralı ''Sherg.az"a bildirib ki, insanların çoxu ilkin tibbi müdaxilə barədə məlumatsızdırlar:

''Xüsusi ilə bağça müəllimlərinin ilkin tibbi yardımı bilmələri şərtdir. Çünki onlar köməyə ehtiyacı olan körpələrlə işləyirlər. Boğulma, dil qatdalanması, yüsəklikdən yıxılma kimi hadisələr baş verdikdə onlar təcili yardımın gəlməsini gözləməməlidirlər. Yəni özlərinin müdaxiləsi üçün yetərli tibbi savadları olmalıdır. Bu istinasız bütün bağça müəllimlərinə şamil edilməlidir. Ümumiyyətlə, hər bir şəxs ilkin tibbi yardımı bacarmalıdır. Çünki bəzən başqasının köməyimizə ehtiyacı ola bilər. Təbii ki, bağça müəllimi və yaxud rəhbərlik belə bir bədbəxt hadisənin olmasını istəməzdi. Maraqlıdır, hadisə baş verərkən bağçanın tibb işçisi harda olub? Bildiyiniz kimi, hər bir bağçada tibb bacısı olur. Hətta, özəl bağçalarda həkim ştatı mövcuddur. İstənilən halda hadisə araşdırılacaq. İstər özəl, istərsə də dövlət baxçalarında müəllim səhlənkarlığını tez-tez müşahidə edirik. Bu halda maksimum müəllimi işdən azad edirlər. Yəni, burada nə bağça rəhbərliyi, nə də nazirlik məsuliyyət daşıyır. Belə olan zamab digər bağçalar da etinadsızlıq göstərirlər. Əgər ciddi cinayyət məsuliyyəti tərtib olunsa, bu nüans digər bağçalara da dərs olacaq. Ancaq bizim ölkədə bu cür təcrübə yoxdur. Ona görə də özbaşnalıq davam edir''.

L.Mehralı diqqətə çatdırıb ki, uşaqlar erkən yaşda bağçaya həvalə edilməməlidir:
''Analar minimum 3 yaşdan sonra övladlarını bağçaya qoya bilərlər. Çünki həmin yaş dövründə körpələrin ana qayğısına ehtiyacı olur. Təbii ki, bəzi hallarda sosial vəziyyət anaları işləməyə məcbur edir".