Azərbaycanda vətəndaşları aldadaraq pullarını ələ keçirən onlayn piramida şəbəkələri artıb. Sxem isə çox sadədir, burada heç bir alqı-satqı həyata keçirilmir, piramidaların gəliri yalnız ora qoşulan insanların vəsaitləri hesabına formalaşır. Maraqlıdır, maliyyə piramida mexanizmi necə işləyir? Vətəndaşlar bunun piramida olduğunu necə anlaya bilərlər? Ümumiyyətlə, qanuni piramida anlayışı mövcuddurmu?
Suallarımızı cavablayan Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a bildirib ki, son zamanlar Azərbaycanda sosial şəbəkələr üzərindən yaradılan fırıldaqçı maliyyə piramidaları kütləviləşib:
"Maliyyə piramidalarının əsas hədəfi şəbəkəyə daha çox insanı cəlb etməkdir. Həmçinin maliyyə piramidasının fırıldaqçılar tərəfindən formalaşdığını dividentlər üçün verilən faizlərə diqqət etməklə görmək mümkündür. Qeyd edim ki, təqribən 20 və daha artıq faiz təklif olunur. Bu zaman şəbəkəyə ilk qoşulanlara yatırımlarının qarşılığında azda olsa, faiz ödənilir. Həmin şəxslər çalışırlar ki, bura daha çox insan cəlb etsinlər. Müəyyən mərhələdən sonra onlar internet resurslarını ləğv edərək yoxa çıxırlar. Məhz, istifadəçilər çoxalanda yeni gələnlərə faizlərin ödənilməsi gecikir və yaxud dayandırılır. Bu iqtisadi əsası olmayan bir mexanizmdir. Vətəndaşlar ilk növbədə onlara təklif olunan dividendlər üzrə rəqəmlərə diqqət etməlidirlər. Məsələn, Azərbaycanda illik əmanət yığımları ən yüksək faizlə 12-13 faiz civarındadır. Ancaq bəzi maliyyə piramidaları istifadəçilərə 1 ay ərzində 20-faizdən çox gəlir təklif edirlər. Əlavə olaraq maliyyə piramidalarının hansı formada Mərkəzi Bankdan və ya müvafiq qurumlardan lisenziya aldığını araşdırmaq lazımdır. Dünyanın bir sıra ölkələrində oxşar maliyyə piramida təcrübələri mövcuddur. Lakin bu fırıldaqçılıq deyil, şəbəkə biznesinin formalaşmasıdır. Burada vətəndaşların iştirakı vacibdir. Avropa ölkələrində şəbəkənin yaradılması üçün ortada real əmtəə olur. Amma yalnız internet resursları üzərində elektron formada yaradılan maliyyə piramidalarının 90 faizi saxtadır və ömrü uzun olmur. Ona görə də vətəndaşlar ehtiyyatlı olsunlar. Azərbaycanda maliyyə piramidalarının yaradılması isə qanunla qadağandır".