5 ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cəzadan azad edilərək məcburi müalicə müəssisəsinə göndərilməsi barədə məhkəmənin bu gün qəbul etdiyi qərar ictimaiyyətdə düzgün anlaşılmayıb.
Bu barədə Axar.az-a məlumat verən proses iştirakçısının sözlərinə görə, Əhməd Əhmədovla bağlı qərar onun ruhi xəstəxanada təkadamlıq kamerada ömürlük qalmasını nəzərdə tutur.
Belə ki, məhkəmə heyəti onun psixi pozuntusunu nəzərə alaraq, həbsxanaya da göndərməyib və birbaşa müalicə müəssisəsində ömürlük qalması barədə qərar çıxarıb.
Qərarı dəyərləndirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, bu cür dəhşətli qətli törədən birinin cəzasız qalması ədalət sisteminə inamsızlıq yaradardı:
''Lakin nəzərə almaq lazımdır ki, burada peşəkar həkim-ekspert rəyləri öyrənilib. Onun həmin an anlaqsız vəziyyətdə olması sübut edilib. Yəni, Əhməddən normal insan kimi hərəkət etməsini gözləyə bilmərik. O, psixoloji problemli olduğu üçün kiminsə diqtəsi ilə əməli törədir və bunu etiraf edir. Adətən, şizofreniya xəstələri xəyallarında canlandırdıqları birinin göstərişi ilə kiməsə zərər vururlar. Bu səbəbdən onun psixoloji mərkəzdə müalicə alması daha məqsədəuyğun hesab edilib. Çünki həmin şəxs müalicəsiz normal ola bilməz. Çox ehtimal, hadisəni törədən şəxs ömrüboyu müalicə altında saxlanılacaq. Lakin onun müalicəsi 3-5 ildən sonra bitdiyi təqdirdə cəmiyyətə buraxılması haqlı olaraq etirazlar yaradacaq. Həmçinin, Əhmədin həbs olunması digər dustaqların həyatı üçün də təhlükədir. Onun həbsxanada olarkən başqalarını öldürməyəcəyinin qarantisini kimsə verə bilməz. Çünki o, xəstədir və anlaqsız vəziyyətdədir. Normal bir insan heç bir halda öz qanından olan 2 azyaşlının canına qıya bilməzdi. Fikrimcə, Əhmədin psixoloji mərkəzdə ömürboyu müalicə alması daha düzgün qərardır".