İstehsalat sahəsində texnoloji inkişaf özü ilə bərabər sürətli süniləşməni də gətirir. Ən çox süniləşməyə məruz qalan isə qida sənayesidir desək, yanılmarıq. İndi dünya bazarında elə bir məhsula rast gəlməzsən ki, süni qatqılar vurularaq sintetikləşdirilməsin. Sudan tutmuş, yumurtaya qədər hərşeyin saxtasına, kimyəvi qatqılarla hazırlanan növlərinə rast gəlirik. Bu cür məhsullardan biri də hər gün istifadə etdiyimiz kərə yağıdır.
Bəs marketlərdə bizə təqdim edilən onlarla kərə yağı növünün arasından saxta olmayanı necə seçək?
Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, kərə yağı 82% süd yağından əldə edilir:
''Özünəməxsus süd qoxusu ilə iştahı cəlb edən kərə yağı ağa yaxın sarı rəngdə olur. Bu südün tərkibindəki yağın miqdarından asılıdır. Kərə yağı yeməklərə ləzzət qatmaqla yanaşı, tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizminin immun sistemini gücləndirir, orqanizmi xərçəng kimi xəstəliklərdən qoruyur. Hər sağlam qidada olduğu kimi kərə yağı məhsulları arasından seçim edərkən nəzərə alınmalı vacib məqamlar var. Kərə yağı məhsullarının sağlamlığa faydalarından tam yararlanmaq üçün ən vacib nüans aldığınız kərə yağının təbiiliyi və tərkibində əlavə maddələrin olmamasıdır. Aldığınız kərə yağı məhsulunun əsl yağ olub-olmadığını anlamaq üçün isə kərə yağını bəzi testlərdən keçirməlisiniz. Testlərinizdən keçmiş kərə yağı məhsullarını yeməklərinizdə rahatlıqla istifadə edə bilərsiniz. Kərə yağını qaynar suya atsaz, kərə yağı parçalanmadan bir parça halında əriyirsə, aldığınız kərə yağını istehlak edə bilərsiniz. Həmçinin kərə yağı dondurucudan çıxardıqda otaq temperaturunda əriməməlidir, sadəcə biraz yumşalmalıdır. Əgər əriyirsə təəssüf ki, əsl kərə yağı deyil. Eyni zamanda aldığınız kərə yağını tavaya əlavə etdikdə yüksək temperaturda əriyib köpüklənirsə, bu əsl kərə yağıdır. Kərə yağı tavada əriyib öz rəngindən daha tünd rəng alırsa, təəssüf ki, aldığınız yağın tərkibi qatqılarla zəngindir. Təbii təzə süddən alınan süd yağından istehsal olunan əsl kərə yağının qiyməti yüksəkdir. Ucuz qiymətə aldanmayın! Kərə yağını kəsəndə kiçik parçalara ayrılırsa, bu, əsl yağdır. Əgər bıçağı daxil edəndə kərə yağı bütövlükdə ayrılırsa, bu yağın əsl kərə yağı olmamasından xəbər verir''.