Təyinatla göndəriş sistemi yoxdur
Kadr çatışmazlığı tibb üzrə ali təhsil almış şəxslərin bölgələrə göndərilməməsidir
"Bölgələrdə ilkin tibbi yardımla bağlı ciddi problemlər var". Bunu parlamentin dünən keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, bu məsələ ən çox səslənən problemlərdən biridir: "Demək olar ki, bütün rayonlarda bu problemlər var: birincisi, tibb məntəqələrinin maddi-texniki bazasının yox dərəcəsində olması, ikincisi isə kadr çatışmazlığı. Bu baxımdan, Səhiyyə Komitəsi olaraq qərara almışıq ki, dekabr ayında Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi ilə birgə Milli Məclisdə dinləmə keçirək". Qeyd edək ki, bir neçə gün əvvəl TƏBİB-in təşkilatçılığı ilə keçirilən Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına dair brifinqdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkilindəki yeniliklər və tətbiq olunacaq innovativ dəyişikliklərlə bağlı təqdimatlar edilib. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov brifinqdə çıxışı zamanı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən institusional islahatlardan danışıb. Qeyd edib ki, ötən müddət ərzində xidmətin yaxşılaşdırılması istiqamətində bir çox işlər görülüb. Mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində islahatlar hazırda da davam etdirilir. Keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ambulans parkı müasir və standartlara cavab verən avtomobillərlə əvəz olunur. İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınmışdı. Birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib. Ən son bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim edilib və ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub. İnnovasiya və Təchizat Mərkəzi tərəfindən “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb. Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam elektrikli avtomobillərdir. “Təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə 2024-2025-ci illər üçün inkişaf planı 3 əsas məqsədə çatmaq üçün planlaşdırılıb: bunlar təcili tibbi yardım xidmətinə əlçatanlığı bütün ölkədə tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etməkdir. İnkişaf planına əsasən ambulans parkı genişləndiriləcək və yenilənəcək, briqadaların sayı artırılacaq, stansiyaların və filialların yerləşməsinə yenidən baxılacaq, ambulansların çatma vaxtının azaldılması üçün tam yeni proqram təminatı hazırlanacaq, müasir naviqasiya və marşrut planlaması yaradılacaq”. Eyni zamanda bütün ölkə üzrə stansiyaların allokasiyasına yenidən baxılacaq, əhali sıxlığı ilə yanaşı, xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar da nəzərə alınacaq. Təcili tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atılır. Nəzərdə tutulan fəaliyyət planına əsasən təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi, 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması, hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçiriləcək. Və sair, və sair... Yaxşı, əgər belədirsə, Mlli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov nədən narazıdır və niyə Milli Məclisdə xüsusi dinləmələrin keçirilməsini istəyir?
Pediatr Vaqif Qarayev “Sherg.az"a açıqlamasında təcili tibbi yardımda həyata keçirilən yeniliklərlə yanaşı, problemlərin hələ də qaldığını da vurğulayıb:
- Bakıda əhali hədsiz çoxdur, ünvansız mənzillər, sənədsiz fərdi evlər də hədsiz çoxdur. Yol infrastrukturu da təcili yardım maşınlarının ünvana təcili çatmasını əngəlləyir. Ünvanlar sistemdə olmadığından təcili yardım briqadası çağırış gəlmiş ünvanı dəfələrlə dəqiqləşdirməyə, axtarış etməyə vaxt sərf edir. Təcili yardımda yeniliklərdən biri çağırışın mobil tətbiq vasitəsilə də verilməsinin mümkün olacağıdır. Ən əsası sürücülərin işini asanlaşdıran interfeys tətbiq olunacaq. Bu tətbiq reallaşarsa, sürücü xəstənin olduğu məkanı daha tez tapacaq. Düşünürəm ki, bu çox vacib məsələdir. Çünki indi kim harda istəsə ev tikib, bəziləri heç öz ünvanını doğru-düzgün bilmir. Bu da təcili yardımın işini çətinləşdirir. Bölgələrdə kadr çatışmazlığı isə tibb üzrə ali təhsil almış şəxslərin bölgələrə göndərilməməsidir. Sovet vaxtı fərqli idi, məzun olan tələbələr təyinatla rayonlara göndərilirdi. Gedib azı 2 il orada çalışırdılar. 2 il də həmin bölgədə qalırdılar, adaptasiya olunurdular, bəzisi ailə qururdu, orada qalırdı, işləməyə davam edirdi, beləcə həkim çatışmazlığı aradan qalxırdı. Təyinatla göndəriş sistemi olmadığından ali məktəbi bitirən özü iş tapmağa çalışır, əsasən də şəhərdə qalırlar. Bölgələrdə də kadr çatışmazlığı yaranır.