Beynəlxalq səyyahlar minalardan təmizləmə prosesini müşahidə ediblər

Beynəlxalq səyyahlar Füzuli rayonunda minatəmizləmə prosesini müşahidə ediblər.
"Report"un məlumatına görə, səyyahlar Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Horadiz kəndi ərazisində həyata keçirdiyi minatəmizləmə işləri ilə tanış olublar.

Agentliyin nümayəndələri qonaqlara azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesi barədə məlumat verib, işlərin hələ də davam etdiyi ərazilərin xəritələrini göstəriblər.

Daha sonra səyyahlara ərazidə aşkarlanan minalardan birinin partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib.

Bu gün səhər saatlarında qonaqlar Cəbrayıl rayonu ərazisində olub, burada Azərbaycan memarlığının qədim abidəsi olan Xudafərin körpüsü ilə tanış olublar.