AİB sədri: Əhali mağazada satılan ətin təmiz olduğuna inanmır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, 2024-cü il 18-25 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron, Lənkəran rayonlarında fəaliyyət göstərən 51 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, 2018 ci ildə Qida Təhlükəsizliyi Agentliyi yarandığı gün Azad İstehlakçılar Birliyinin bayram etdiyi gündür:  

“Biz fikirləşdik ki, bu agentlik yarandıqdan sonra bir çox məsələlər, o cümlədən, küçə ət kəsimi qurtaracaq. AİB daim mübarizə aparır ki, küçə kəsimi yığışdırılsın. Vaxtı ilə Bakı-Sumqayıt yolunda çoxlu küçə kəsimi var idi. İldən ilə bu mənzərələr müsbətə doğru dəyişir. Lakin AQTA qarşıya qoyduğu hədəfə nail ola bilməyib. Baxmayaraq ki, küçə kəsiminə tək AQTA cavabdeh deyil, həm də yerli İcra Hakkimiyyətləri və polislər cavabdehdir. Qida Təhlükəsizliyi Agentliyi və yerli İcra Hakimiyyəti orqanlarının bəziləri bunları leqallaşdırıblar. Yəni bunu burada kəsmək olar deyirlər. Lakin bu kəsim içəridə, insanların görmədiyi şəraitdə olmalıdır. Bəzən yol kənarlarında görürük ki, heyvanın başı, ayağı asılıb və ya heyvanı küçəyə bağlayıblar. Səbəb odur ki, istehlakçıların AQTA ya, baytarlara inamı yoxdur. Əvvəlki zamanda baytarlıq möhürləri qəssabların cibində olurdu və yalandan möhür vururdular. Əhali mağazada satılan ətin təmiz olduğuna  inanmır. Ona görə də gözləri ilə gördüyünü almaq istəyirlər. Əsas məsələ istehlakçıları maarifləndirmək və inamını qazanmaqdır. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi buna nail ola bilməyib. Azad İstehlakçılar Birliyi neçə illərdir bu işi aparır ki, həmin yerlər baykot olsun. Azərbaycanda bu məsələ kökündən həll olmalıdır. Çünki Azərbaycanın adına böyük minusdur. Nazirlər Kabinetinin 94 saylı qərarına görə dükanlarda satılan bütün mallar, o cümlədən ətlər bükülməli, istehsal tarixi, son istifadə tarixi və hansı təsərrüfatdan gəldiyi göstərilməlidir. Təəssüf ki, bu da yoxdur. AQTA dükanlarda bunların hər birini etsə, və qaynar xətt nömrəsi yazsa, istehlakçılar ona inanar. Heyvanların identifikasiya sistemi hələ ki, Azərbaycanda tətbiq edilməyib. Bu sistem tətbiq edildikdən sonra düşünürəm ki, heyvanların küçə kəsimi yığışdırılacaq”.