Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qayınının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, cinayət hadisələrində dinamika müşahidə olunur:
“Bunun bir çox səbəbləri var. İlk səbəb ölkə əhalisinin əvvəlki statistikayla müqayisədə artmasıdır. Bu fərq özünü cinayət hadisələrinin artımında da göstərir. Ümumiyyətlə ölkədə cinayətkarlığı doğuran səbəblər müxtəlifdir. İnsanların həyat şəraiti, düşüncəsi, peşəsi ilə bağlı ən müxtəlif motivlər ola bilər. Heç kim cinayətkar doğulmur. Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır. Arada düşünürsən, adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər də var. Digər tərəfdən antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır və milli xarakterik xüsusiyyətlər də öz təsirini göstərir. Məsələn, qonşu Rusiyada ailədə hansısa hadisə baş verəndə heç də həmişə münaqişə olmur. Lakin bizdə belə deyil. Yəni, rus kişisinin psixologiyasına təsir etməyən hansısa amil azərbaycanlı kişisinə təsir edir və nəticədə cinayət törədilir. Ümumiyyətlə iradəsi zəif olan kişilər sosial-iqtisadi problemlər yaranan kimi ailəsinə qarşı aqressiv davranmağa başlayır. Bunları da nəzərə almaq lazımdır. Əgər, özünüdərk prosesini təkbaşına həyata keçirtməkdə çətinlik çəkirsinizsə kömək üçün peşəkar psixoloqlara müraciət edin”.