Dəm qazı Bakıda can "alır"

Bəzi qaz sobaları, isitmə cihazları çox zaman standartlardan kənar olur
Elmar Nurəliyev: "Yaxşı olar ki, mənzillərdə dedektorlardan istifadə edilsin. Bu da təhlükəni azaldır, dəm qazından sığortalayır" 

Dəm qazı can almaqdadır, yenə. Bunu insanların səhlənkarlığına aid edək, yoxsa təhlükəsizliyə cavabdeh qurumlara, doğrusu, situasiyalar müxtəlif olduğundan birmənalı cavab vermək mümkün deyil. Faktlar dəm qazından boğulmaların adətən hamam otaqlarında, “pyatiminutka” adlanan su qızdırıcıları və ya su qızdırıcıların hansısa digər növlərindən qaz sızması nəticəsində baş verdiyini deyir. Otaqlarda quraşdırılan sobalardan da baş verir, qaz sızması və ölüm halları. Ancaq daha çox hamam otaqlarında baş verir faciələr. Müxtəlif situasiyalar dedikdə isə bəzi hallarda yaşayış evlərinin altından keçən qaz borularından sızmaların da insan tələfatı ilə nəticələndiyi bildirilib. Ötən illərdə belə bir hadisə Binəqədi rayonu Mədən ərazisində baş vermişdi. Məlumdur ki, paytaxtda sənədsiz evlər həddindən artıq çoxdur. Və bu cür fərdi evlərin tikintisinin hansı yollarla başa gəldiyi də hər kəsə zatən, məlumdur. İnsanlar altından qaz borusu, su xətti, üzərində isə elektrik dirəkləri, hətta həyətində neft “kaçalka”sı olan torpaq sahələrində evlər tikib yaşayırlar. Bədbəxt hadisə baş verdikdə isə tikintiyə vaxtilə “icazə” verib, göz yumanlar yaxalarını kənara çəkir. Məsuliyyətə də cəlb olunmurlar. Kimsə kefindən mədən ərazisində, ya da sürüşmə, uçqun təhlükəsi olan yerdə ev tikmir. Ehtiyacdan edir bunu. Amma icazə mütləq “alınmalıdır” və alınır da. Hamam otaqlarında baş verən dəm qazından boğulma və ölüm hallarında isə daha çox vətəndaşın özü günahkardır. Dəfələrlə, israrla dəm qazı barədə danışılmasına, təhlükəsizlik tədbirlərinin bildirilməsinə rəğmən insanlarımız yenə də kobud səhvlərə yol verir və həyatlarını faciəyə sürükləyirlər. Növbəti faciəli hadisə noyabrın 30-na keçən gecə Sumqayıtda baş verib. 23 yaşlı Mehriban İsmayılova dəm qazından boğulub. O, hamam otağında ölmüş vəziyyətdə tapılıb. M.İsmayılovanın “Mado” restoranlar şəbəkəsində aşpaz işlədiyi bildirilir. Bir neçə gün əvvəl Binəqədi rayonu, Sulutəpə qəsəbəsində də eyni faciə baş verib. 1957-ci il təvəllüdlü Qacıyeva Nəzirə Yolçu qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. İctimai iaşə obyektlərində də bəzən qaz partlaması hadisələri baş verir, hətta insan  tələfatı da olur. Bu kimi hallarda da təhlükəsizlik qaydalarına riayət edilmədiyi üzə çıxır.  
Xatırladaq ki, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələrin artırılmasıyla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə iki min beş yüz manatdan üç min manatadək cərimə ediləcək. Cərimələrin artırılmasının həm də dəm qazından zəhərlənmələrin qarşısını alacağı da bldirilirdi. Dəm qazından zəhərlənmələrə təkcə mənzillərdə quraşdırılmış qeyri-standart qaz qurğuları, sobalar, hamam otaqlarındakı su qızdırıcılarına deyil, həm də qaz xətlərinə qanunsuz müdaxilələr, qaz şəbəkəsinə kortəbii qoşulmaların səbəb olduğu da bildirilir. 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün geniş konsepsiyanın işlənib hazırlanmasına ehtiyac olduğunu dedi:
-Tək cərimələrlə problem həll edilməz. Cərimələrin artırılması daha çox qaz xətlərinə qanunsuz qoşulmalar, təbii qazdan qanunsuz istifadələrin qarşısını almaq, həmçinin də zəhərlənmə təhlükəsini artıran səbəbləri, məsələn, tüstü bacalarının vaxtlı-vaxtında, heç olmasa, ildə 1 dəfə təmizlənməsi, texniki xidmətin düzgün aparılması və buna ciddi nəzarətin təmin edilməsi məqsədi daşıyır. Amma bu, məsələnin bir tərəfidir. Digər səbəblər də var. Hamımız bilirik ki, qeyri-standart qaz sobaları, su qızdırıcılar satışdadır. İnsanlar bunları alır, mənzildə, hamam otağında quraşdırır. Hətta mənzillərin içində istifadə edilən qaz sobaları, isitmə cihazları da çox zaman standartlardan kənar olur. Bu problemə təkcə fərdi evlərdə, həyətyanı sahəsi olan evlərdə rastlanmır. Bir çox yeni tikililər, yaşayış kompleksləri var ki, onlar da mərkəzi istilik sistemindən kənardır və sakinlər mənzillərini imkanları daxilində isidirlər. Kimisi qaz sobası ilə, kimisi kombi sistemi ilə. “Pyatiminutka” adlanan qısa zamanda su isidə bilən cihazlardan da mətbəxdə, hamam otaqlarında geniş istifadə olunur. Çünki binalar mərkəzi istilik sisteminə qoşulmayıb. Hesab edirəm ki, mütləq geniş konsepsiya hazırlanmalıdır və orada bütün bu problemlərin aradan qaldırılması yolları, təhlükə ehtimalları və səbəblər  göstərilməlidir. Belədə problemə daha geniş yanaşma mümkün olacaq. Əlaqədar qurumlar çalışmalıdır ki, mərkəzləşdirilmiş istilik sisteminin şəbəkəsi genişlənsin və daha çox abonenti əhatə etsin. Bu, təhlükələrin minimuma endirilməsinə kömək edəcək. Vətəndaşlar da daim məlumatlandırılmalıdır.  Məsələn, dedektorların faydası barədə məlumat verilməlidir. Təbii qazın yanmasında problem yarandıqda, yəni dəm qazı əmələ gəldikdə, dedektor xəbərdarlıq siqnalı verir. Yaxşı olar ki, mənzillərdə dedektorlardan istifadə edilsin. Bu da təhlükəni azaldır, dəm qazında sığortalayır. 

E.Nurəliyev qeyd etdi ki, vətəndaşlar həyatlarına qarşı biganə olmamalıdır: 

- Dəfələrlə deyilir, televiziyada elanlar verilir, xəbərdaredici video-roliklər yayımlanır ki, vətəndaşlar qaz sobalarından, suqızdırıcılardan necə istifadə etməlidir, hamam otaqları necə olmalıdır, qaz sobasının hava çəkəni necə quraşdırılmalıdır. Amma əhali sanki bunları görmür, eşitmir. Kustar üsullara əl atırlar. Neçə dəfə demək olar ki, suqızdırıcı hamam otağının ölçülərinə uyğun olmalıdır, qapıda hava keçirici dəliklər açılmalıdır, hamam otağının havalandırma sistemi olmalıdır. Heç olmasa, nəfəslik qoysunlar, açıq saxlasınlar. Suqızdırıcılar hamam otağında deyil, kənarda quraşdırılsa, daha etibarlıdır. Suqızdırıcılar həyətdə, eyvanda qoyulsa, dəm qazı əmələ gəldikdə hamam otağına dolmayacaq, təhlükə də yaranmayacaq. Bəzən insanlar köhnə, istifadə müddətini başa vurmuş qızdırıcılardan istifadə edir. Əlbəttə, belə olduğu halda, təhlükə də yaşanacaq.