Keşlə bazarının söküntü işləri təxirə salınıb
“Kəndlinin məhsulunu rahat şəkildə gətirib satmasına şərait yaradılmalıdır. Amma bu o demək deyil ki, kimsə küçədə dana, qoyun kəsib, anti-sanitar şəraitdə ət, meyvə-tərəvəz satışı ilə məşğul ola bilər”
“Vosmoy bazarı” adıyla tanınan “8-ci kilometr” Ticarət Mərkəzi ətrafındakı küçə ticarətinin ləğv edilməsindən sonra Keşlə bazarının söküləcəyi xəbəri də yayılıb. Bildiirlir ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri icra olunur. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Yeni yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulur. Lakin bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınıb.
Küçə ticarətinin anti-sanitariyaya səbəb olduğu, ətrafa üfunət yayıldığı, ucuzluqdur deyə belə yerlərdən alış-veriş edən əhalinin sağlamlığının təhdid edildiyi də məlumdur. Eyni zamanda bu da həqiqətdir ki, bu tip bazarlar, küçə ticarəti xeyli insanın qazanc mənbəyidir. Problemin həlli necə aparılmalıdır ki, dəyəcək ziyan minimallaşsın?
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, əlbəttə, uzun illər orada satışla məşğul olan, evinə çörəkpulu aparanları maddi baxımdan çətin duruma düşürmək doğru olmaz. İşlər elə aparılmalıdır ki, vətəndaşlar əziyyət çəkməsin:
- Söküntü, yerdəyişmə, tikinti... hər hansı iş mütləq qanun çərçivəsində aparılmalıdır. Əgər hər hansı ərazi dövlət ehtiyacları üçün nəzərdə tutulursa və tikinti başlanırsa, oradakı mövcud obyektlər planlı şəkildə digər münasib əraziyə köçürülməli, satıcılara yeni iş yeri təmin edilməlidir. Problem bəzən buna görə yaranır ki, hansısa obyekt vaxtilə qanunsuz fəaliyyətə başlayıb, heç bir hüquqi sənəd imzalanmayıb, ortada rüşvət rol oynayıb. Amma söküntü məsələsi gündəmə gələndə, nə rüşvət alıb satış nöqtəsi satanlar, nə də illərdir orada satışdan qanunsuz gəlir əldə edənlər ortada görünür. Zərbə satıcılara dəyir. Əgər sahibkarla satıcılar arasında hüquqi formada sənəd, müqavilə imzalanıbsa, sahibkar onları yeni ticarət yeri ilə təmin etməlidir. Çünki illər uzunu satıcılar əldə etdikləri gəlirdən vergi, bəlkə də, qeyri-qanuni formada haqq ödəyiblər bazarın sahibinə. Bilmirik, Keşlə bazarı ticarət mərkəzi, yaxud “MMC” statusundadır, nədir. Məsələ hüquqi müstəvidə həllini tapmalıdır. Bir şey dəqiqdir ki, dövlət ehtiyacları üçün satın alınan ərazilərdə yerləşən, fəaliyyət göstərən obyekt sahiblərinə kompensasiya ödənilir. Mənzili olan, kommunikasiya xətlərinin çəkiləcəyi sahədə yerləşmiş evlərin sahiblərinə də kvadrat metrinə görə kompensasiya hesablanır.
F.İbrahimov bildirdi ki, kəndlinin məhsulunu rahat şəkildə gətirib satmasına şərait yaradılmalıdır. Amma bu o demək deyil ki, kimsə küçədə dana, qoyun kəsib, anti-sanitar şəraitdə ət, meyvə-tərəvəz satışı ilə məşğul ola bilər:
- Ət, balıq, süd məhsulları, toyuq, ördək... meyvə-tərəvəz, yol kənarında avtomobil təkərlərindən qalxan toz, benzin qoxusu altında satılmamalıdır. Mənfi hal budur ki, bəziləri özünə yazıq görkəmi verib, satışa icazə istəyir, yerli orqanlar da nəyinsə müqabilində buna icazə verir. Vətəndaş isə gigiyenik çirklənməyə məruz qalmış ərzaq alır. Bazarlar olmalıdır, amma təmiz, səliqəli. Və ucuz. Bazarlarda qayda-qanun, təmizlik, səliqə-sahman olmalıdır. Ticarətlə məşğul olanlar üçün normal şərait yaradılmalıdır. Qeyri-rəsmi ödənişlər rəsmiləşməli və qanuniləşməlidir.