Diqqət: Sabah güclü maqnit qasırğası olacaq

25 dekabr tarixində Yer üzərində güclü maqnit qasırğası və qütb parıltısının müşahidə olunacağı gözlənilir.

Tren-in xəbərinə görə, bu barədə "Fobos" Hava Mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus sosial şəbəkələrdə məlumat verib.

Bildirilib ki, sözügedən hadisənin səbəbi bir gün əvvəl Günəşdə baş vermiş partlayışdır.

Mütəxəssisin sözlərinə görə, bazar ertəsi səhəri Günəşdə orta səviyyəli partlayış qeydə alınıb. Bununla yanaşı, partlayışın gücü maksimal "X" sinfinə yaxınlaşıb.

"Bu Günəşdə baş vermiş partlayış ilə əlaqəli tac kütləsinin atılması 25 dekabrda Yer səthinə çatacaq və Bakı vaxtı ilə saat 16:00-dan sonra G1-G2 sinfi olan zəif və ya orta səviyyəli maqnit qasırğasına səbəb olacaq", - "mütəxəssis qeyd edib.

O əlavə edib ki, maqnit qasırğasının təxmini davametmə müddəti 10 saat olaraq qiymətləndirilir.

Qeyd edək ki, Günəş partlayışlarının gücü A, B, C, M və X siniflərinə bölünür. Hazırda onların tezliyi və intensivliyi artır, çünki Günəş öz aktivliyinin zirvəsinə yaxınlaşır. Proqnozlara əsasən, aktivliyin maksimum həddi gələn ilin yaz-yay mövsümündə baş verəcək.