Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nəqliyyat daşımaları sahəsində yeni güzəştlər (azadolmalar) nəzərdə tutulub.
Bu barədə "APA-Economics"ə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Belə ki, 2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri aşağıdakı hallarda 2 il müddətinə yol vergisindən azad olunacaq:
Dəmir yolu ilə daşınan yüklər: Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
Yük daşımaları: Xarici avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.
Qanunun tətbiqi ilə bağlı qaydaların təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Qeyd olunan azadolmalar ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və alternativ dəhlizlərlə rəqabətqabiliyyətliliyinin təmin olunmasına səbəb olacaq. Bu vergi güzəştləri xarici avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşımalar arasında inteqrasiyanı stimullaşdıraraq ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, nəqliyyat sektorunda daha sürətli və səmərəli daşımaların təmin edilməsinə, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, xarici dövlətlərin Azərbaycan ərazisinə daxil olan, Azərbaycan ərazisindən tranzit keçən və Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələri, oxlarının sayından, ölkə ərazisində qaldığı müddətdən və yüklə birlikdə ümumi çəkisindən asılı olaraq, müəyyən edilmiş dərəcələrlə yol vergisinə cəlb edilirdilər.